Ombudsman Macarıstanda işgüzar səfərdədir

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Macarıstanda işgüzar səfərdədir.


Rezonans.az xəbər verir ki, səfərin ilk günü Ombudsman Macarıstan Konstitusiya Məhkəməsinin prezidenti Tamas Sulyokla görüşüb. Görüş zamanı Ombudsman ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə səmərəli əməkdaşlıq əlaqələri, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə Konstitusiya Məhkəməsinə göndərilən sorğularla bağlı ətraflı məlumat verib.

Görüşdə Macarıstan Konstitusiya Məhkəməsinin prezidenti Tamas Sulyok Konstitusiya Məhkəməsinin fəaliyyət istiqamətləri haqqında məlumat verib, əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.

Növbəti görüş Macarıstan Penitensiar Xidmətinin baş direktoru Tamas Tosla keçirilib. T.Tos cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin, eyni zamanda, burada çalışan şəxslərin hüquqlarının təmini sahəsində görülən işlər barədə məlumat verib. O, həmçinin cəzaçəkmə müəssisələrində saxlanılan əcnəbilər və onların hüquqi vəziyyəti barədə məlumat verib və fikir mübadiləsi aparılıb.

Ombudsman görüşdə Azərbaycanda Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində həyata keçirilən işlər haqqında geniş məlumat verib, bu sahədə ölkədə həyata keçirilən islahatlar, tətbiq olunan yeniliklər və təsisatın müsbət təcrübələrini bölüşüb.

S.Əliyeva şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə hər il 200-dən çox başçəkmənin həyata keçirildiyini vurğulayıb və başçəkmələrin penitensiar müəssisələr ilə yanaşı, polis müvəqqəti saxlama yerlərini, psixiatriya müəssisələrini, təhsil və sosial xidmət müəssisələrini, uşaq evlərini, qanunsuz miqrantların saxlanma mərkəzlərini əhatə etdiyini diqqətə çatdırıb.

Ombudsmanın müraciətləri də nəzərə alınaraq qadın məhkumlar üçün yeni, müasir standartlara cavab verən müəssisələrinin inşa edildiyi, cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin ailələri ilə video əlaqə yaratmaları üçün şərait yaradıldığı bildirilib.

Cari ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 801 məhkumun əfv olunduğu, onlardan 59 nəfərin Ombudsmanın vəsatətləri əsasında əfv edildiyi diqqətə çatdırılıb.

Daha sonra S.Əliyeva Macarıstan Ombudsmanının Debretsen şəhərindəki Regional Mərkəzində olub və ona Mərkəzin fəaliyyəti haqqında məlumat verilib.

Səfər çərçivəsində Ombudsman Macarıstanın dövlət sərhəd-keçid məntəqəsində Macarıstan Ombudsmanının həyata keçirdiyi fəaliyyət və orada uşaqlar üçün yaradılan şəraitlə də yaxından tanış olub.

Sonda Macarıstan Parlamentinin üzvü, Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilki ilə də görüş keçirilib və müzakirələr aparılıb.

Xəbəri paylaş: