Ombudsman Aparatının əməkdaşı mina probleminə həsr olunmuş tədbirdə iştirak edib

img

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi və “Links Avropa” təşkilatı tərəfindən “Minalardan Azad Cənubi Qafqaz” regional kampaniyası çərçivəsində “Minalarla çirklənmə və bunun azərbaycanlı keçmiş məcburi köçkünlərin öz doğma şəhər və kəndlərinə qayıtmasına təsiri” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Rezonans.az xəbər verir ki, BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə nümayəndəliyinin və Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Azərbaycan Minatəmizləmə Agentliyinin, BMT-nin İnkişaf Proqramının, Beynəlxalq Qızıl Xaç Komitəsinin, Füzuli Rayon İcra Hakimiyyəti başçısı aparatının nümayəndələri, həmçinin mina terroruna məruz qalan icmaların üzvləri, mina partlayışı nəticəsində zərər çəkmiş şəxslər və media təmsilçiləri iştirak ediblər.

Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin sektor müdiri Müqalib Mahmudov “Minalar azərbaycanlı keçmiş məcburi köçkünlərin öz şəhər və kəndlərinə qayıtmaq hüququna maneə kimi” adlı sessiyada çıxış edərək İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyevanın keçmiş məcburi köçkünlərin hüquqlarının müdafiəsi istiqamətində gördüyü işlər, habelə 44 günlük Vətən müharibəsi və postmüharibə dövründə həyata keçirdiyi fəaliyyət barədə məlumat verib.

Eyni zamanda, M.Mahmudov Ombudsman tərəfindən Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi müharibə, insanlıq əleyhinə cinayətlər, o cümlədən etnik təmizləmə, soyqırımı aktları, ekoloji və mina terroru nəticəsində günahsız insanların həlak olması, əlilliyə səbəb olan ağır xəsarətlər alması, təbii sərvətlərimizin Ermənistan tərəfindən qanunsuz istismarı və talan edilməsi nəticəsində ətraf mühitə ciddi ziyan vurulması faktlarını təsdiq edən çoxsaylı hesabat, bəyanat və müraciətlərin hazırlanaraq beynəlxalq təşkilatlara ünvanlandığını bildirib.

Xəbəri paylaş: