Milli Məclisin sədri Sahibə Qafarova Avstriyaya rəsmi səfəri çərçivəsində Avstriya Parlamenti Federal Şurasının sədri Günter Kovaks ilə görüşüb.
Bu barədə Rezonans.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclisin sədrini salamlayan Avstriya Parlamenti Federal Şurasının sədri Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı qismində çıxış etməsi barədə fikirlərini bölüşüb. O, iki ölkənin parlamentlərarası əlaqələrini daha da inkişaf etdirmək üçün qarşılıqlı səfərlərin vacibliyini qeyd edib, bu sahədə mövcud imkanları diqqətə çatdırıb. Günter Kovaks deyib ki, bu səfər parlamentlərimiz arasında münasibətlərin inkişafı ilə bağlı qarşılıqlı niyyətin göstəricisidir.
Azərbaycan parlament nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən parlamentin spikeri Sahibə Qafarova, Azərbaycan Respublikası Milli Məclisinin sədri səviyyəsində bu ölkəyə ilk rəsmi səfərin münasibətlərimizin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.
Görüşdə Sahibə Qafarova xatırladıb ki, 30 il əvvəl ölkələrimiz arasında diplomatik münasibətlər qurulub. Spikerin ölkələrimiz arasında əlaqələrin dərinləşməsində dövlət başçılarının və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin və iki ölkə arasında imzalanan sənədlərin əhəmiyyətindən danışıb.
Azərbaycanla Avstriya parlamentləri arasında əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşən Milli Məclisin sədri bildirib ki, hər iki ölkənin parlamentində fəaliyyət göstərən parlamentlərarası dostluq qrupları bu sahədə mühüm rol oynayırlar.
Azərbaycanın keçdiyi inkişaf yolu haqqında ətraflı məlumat verən Milli Məclisin sədri deyib ki, 105 il əvvəl Şərqdə ilk demokratik respublikanı yaradan Azərbaycan bu gün regionda ən inkişaf etmiş ölkədir. Azərbaycanın multikultural və tolerant bir ölkə olduğunu diqqətə çatdıran spiker əlavə edib ki, bu gün müxtəlif dinlərin və millətlərin nümayəndələri Azərbaycanda təhlükəsiz və firavanlıq şəraitində yaşayır. Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir.
Görüşdə Milli Məclisin sədri 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonrakı dövrdə regionda mövcud olan vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi böyükmiqyaslı bərpa və quruculuq işləri barədə də məlumat verib. Sahibə Qafarova deyib ki, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayıb. Ölkəmiz 30 il dünyada mövcud olan ikili standartlardan əziyyət çəkib, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulması, torpaqlarımızın qeyd-şərtsiz işğaldan azad olunması ilə bağlı beynəlxalq təşkilatların qərar və qətnamələri icra olunmayıb. 2020-ci ildə Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib.
Spiker Sahibə Qafarova deyib ki, hazırda Azərbaycan işğaldan azad etdiyi Qarabağda və Şərqi Zəngəzurda müasir şəhər və kəndlər tikir. Artıq məcburi köçkünlərimizin öz doğma torpaqlarına qayıtmasını nəzərdə tutan "Böyük qayıdış" proqramına start verilib və məcburi köçkünlərin doğma yurdlarına qayıtması prosesinə başlanıb.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan işğal qurbanı olmasına baxmayaraq, regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün səy göstərir və Ermənistana sülh sazişi imzalamağı təklif edib. Spiker qeyd edib ki, Azərbaycan sülh istəyir və sülhün əldə olunması bütün regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına xidmət edəcək.
Federal Şuranın sədri Günter Kovaks Azərbaycanın sülh təşəbbüslərini təqdir etdiklərini və dəstəklədiklərini bildirib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
Görüşdən sonra Milli Məclisin sədri Sahibə Qafarova xatirə kitabını imzalayıb.
Sonra Federal Şuranın inzibati binası ilə tanışlıq olub.