Sahibə Qafarovanın Milli Məclisdə Çıxışı

img

Bildiyiniz kimi, bir neçə gün öncə ölkəmizin və xalqımızın həyatında çox mühüm bir hadisə baş vermişdir.  Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində dünya azərbaycanlılarının 5-ci qurultayı olmuşdur. Hesab edirəm ki, qurultayın 44 günlük Vətən müharibəsinin  son döyüşlərinin  baş verdiyi bu şəhərdə keçirilməsinin və “Zəfər qurultayı” adı daşımasının dərin rəmzi mənaları var.

Qeyd etmək lazımdır ki, qurultay Azərbaycan Respublikasının Cənubi Qafqazın lider dövləti olduğunu, Azərbaycan xalqının öz sözünü qəbul etdirə bilən mütəşəkkil bir qüvvə kimi formalaşdığını və daim öz dövlətini dəstəklədiyini  nümayiş etdirdi. Bu gün Azərbaycan bölgənin geosiyasi və geoiqtisadi mənzərəsini müəyyən edən güc mərkəzi kimi dünyanın diqqətini özünə cəlb edir. 

Hörmətli deputatlar !

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qurultayda geniş və dərin məzmunlu nitq söyləmişdir. Deməliyəm ki, cənab Prezidentin hər bir azərbaycanlı, bizim hər birimiz üçün proqram xarakteri daşıyan bu nitqi xalqımızın həyatının mühüm hadisələrinə işıq salmış, qarşıdakı dövr üçün əsas vəzifələri müəyyən etmişdir. Möhtərəm Prezident müzəffər xalqın rəhbəri, qalib dövlətin başçısı kimi bir daha  bəyan etdi: “Biz faşizmi məhv etdik. Biz Cənubi Qafqazı faşizmdən xilas etdik... 

Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”. 

Hörmətli həmkarlar! 

Mən sizə son bir həftə ərzində Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı baxımından vacib olan səfər və görüşlər barədə də qısa məlumat vermək istəyirəm. 

Bildiyiniz kimi, aprelin 19-da və 20-də mənim rəhbərliyimlə Milli Məclisin nümayəndə heyəti Gürcüstanda rəsmi səfərdə olmuşdur. 

Nümayəndə heyətimizin Gürcüstana səfəri Tbilisi şəhərinin Heydər Əliyev parkında xalqımızın Ümummilli liderinin abidəsini ziyarətlə başladı. 

Aprelin 19-da Gürcüstan Parlamentinin sədri cənab Şalva Papuaşvili, Gürcüstan Prezidenti xanım Salome Zurabişvili, Gürcüstanın Baş naziri cənab İrakli Qaribaşvili və Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupu ilə bizim görüşlərimiz oldu. 

Görüşlərdə Azərbaycanla Gürcüstan arasında  dostluq əlaqələrinin inkişafında Ulu öndər Heydər Əliyevin xidmətləri xatırlandı, bu sahədə başlanmış işlərin cənab Prezident İlham Əliyev və Gürcüstan dövlətinin rəhbərliyi tərəfindən uğurla davam etdirildiyi də qeyd olundu. 

Ölkələrimizin müxtəlif sahələrdə səmərəli əməkdaşlığından məmnunluq ifadə olundu. Dövlətlərarası əlaqələrin möhkəmlənməsində parlamentlərin xüsusi rolu qeyd edildi. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışıldı.  

Hörmətli həmkarlar!

Görüşlərdə mən 44 günlük Vətən müharibəsi nəticəsində  Azərbaycanın 30 illik erməni işğalına son qoyması və ərazi bütövlüyünü bərpa etməsi, eləcə də postmünaqişə dövründə Cənubi Qafqazda yeni reallıqların və imkanların yaranması barədə danışdım.  

Mən Vətən müharibəsi zamanı Gürcüstanın tutduğu ədalətli mövqeyə və dəstəyə görə təşəkkürümüzü də ifadə etdim. 

Görüşlərdə bir sıra digər məsələlər barəsində də fikir mübadiləsi aparıldı. 

Hörmətli həmkarlar! 

Qeyd edim ki, Gürcüstana rəsmi səfər gedişində bir sıra digər tədbirlər də keçirildi. Nümayəndə heyətimiz Azərbaycan Səfirliyində oldu,  Qəhrəmanlar Memorialını, böyük Azərbaycan ədibi və ictimai xadimi Mirzə Fətəli Axundovun adını daşıyan Azərbaycan Mədəniyyəti Muzeyini, həmçinin Gürcüstan Milli Muzeyini də ziyarət etdi.  

Xəbəri paylaş: