Azərbaycan ordusunun 44 günlük müharibə ilə yazılan zəfər salnamasi

img

Azərbaycan xalqı çoxəsrlik tarixinin şərəfli mərhələsini yaşayır, bütün dünya azərbaycanlıları ağlasığmaz dərəcədə qürur və sevinc hissləri keçirir. Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuzun 27 sentyabr 2020-ci il tarixdən başlanan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın mənfur qonşumuz Ermənistanın işğal altında saxladığı Qarabağı azad etməklə milli çağdaş tariximizə şanlı səhifə yazdı. Çağdaş tariximizə 44 günlük Vətən müharibəsi kimi daxil olan bu hərbi əməliyyat nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü təmin edildi. Hər bir ölkənin həyatında mürəkkəb, böhran vaxtı, düşmənlə savaşda hamını birləşdirən, bütün səylərin mahiyyətini təzahür edən çağırışın çox böyük, əvəzedilməz əhəmiyyəti var. Ali Baş Komandan bütün xalqı səfərbər etdi, mübarizəyə qaldırdı, dəqiq məqsədləri göstərdi, hər bir azərbaycanlını Qarabağ uğrunda mübarizəyə istiqamətləndirdi. Azərbaycan gənclərinin vətənpərvərliyi, şücayəti nəticəsində işğal altında olan torpaqlarımız azad edildi. Etiraf edilməlidir ki, qələbənin təmin olunmasındagənclərimizin vətənpərvərlik ruhu əhəmiyyətli dərəcədə rol oynadı. Ümumilli lider Heydər Əliyevin təbirincə desək vətənpərvərlik böyük məfhumdur: “Vətənpərvərlik nədir? Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik! Vətənpərvər gənclər yetişdirilməsi təkcə təhsil müəssisələrinin işi ilə bitmir. İlkin olaraq, ailədən başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində davam etdirilir, bütün cəmiyyətin, onun hər bir üzvünün əməlindəki müsbət nümunələrlə yetkinləşir”

Vətən müharibəsi və əldə olunmuş Böyük Qələbə strateji planlaşdırma və peşəkar komandanlığın vəhdəti nümunəsidir: “İşğaldan sonra Azərbaycanın ordu quruculuğu, kadr siyasətinin düzgün qurulması nəticəsində ordumuz dünyanın ən güclü orduları ilə müqayisə olunacaq səviyyəyə çatdı. Bu sözlə, asan ifadə olunsa da, uzun illər aldı. Qələbənin əldə olunması üçün vətənə sevgi və düşmənə niftrət hissi ilə böyüyən gənclərimiz oldu. Azərbaycanın iqtisadi gücünün artması, müstəqil xarici və daxili siyasət aparması, ölkədə olan stabillik, vətəndaş məmnunluğu əsas verdi ki, mənfur düşmənə hərb yolu ilə qalib gəlinsin. Azərbaycan çətin geosiyasi məkanda yaşamasına baxmayaraq, düzgün qonşuluq siyasəti yürütməklə beynəlxalq aləmdə tanınan nüfuzlu lideri ilə qalib oldu. Ölkəmizin qarşısında bircə problem kimi “işğal altındakı torpaqlar” mövzusu qalmışdı. Müharibənin ilk günündən Ali Baş Komandan bütün əməliyyatların planlaşdırılması və uğurla həyata keçirilməsinə zəmin yaratmaqla daim nəzarət də saxladı. Minimum itki ilə torpaqların azad olunması məsələsi əsas hədəf idi. Hər gün ölkə başçısının istər xarici, istərsə də daxili auditoriyaya qələbə xəbərlərini verir, ordunun geri çəkilməyəcəyini, işğaldan azad olunan kəndlərin,qəsəbələrin, rayonların adlarını bir-bir açıqlayırdı. Onun sevinc hissi ilə bu xəbərləri verməsi, xalqı və ordunu ruhlandırır, döyüş əzmini yüksəldirdi. Bütün xarici təhdidlərə, təzyiqlərə baxmayaraq çəkinmədən öz sözünü diktə edən liderə çevrildi. Müharibə dövründə orduya rəhbərliklə yanaşı, informasiya müharibəsində də komandanlıq öz sözünü dedi. Nəhayət, böyük itkilərə məruz qalan Ermənistan məcbur olaraq, kapitulyasiya aktına imza atdı. Bütün bu hazırlıq işləri strateji planlaşdırma və vahid komandanlığın vəhdətindən irəli gəlir”.

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Dövlətimizin başçısı İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağmızı dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı. Dövlətimizin başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında gənclərin milli ruhda tərbiyəsinin prioritet xarakter daşıdığını önə çəkərək partiyanın nəzdincə yeni yaradılan Veteranlar Şurasının bu işə böyük töhfələr verəcəyini xüsusi qeyd etmişdir. Ölkəmizdə təcrübə ilə gənclərin dinamizmi arasında vəhdətin yaradılması  hər dövrün tələblərinə uyğun addımların atılmasına yol açır.

Azərbaycan  zəngin tarixi, mədəniyyəti ilə hər zaman diqqət mərkəzində olub. Baxmayaraq ki, tariximiz  şanlı səhifələri ilə yanaşı, faciəli anları ilə də doludur. Bu günün əsas tələbi məhz gəncləri keçmişi öyrənmələri fonunda gələcəyə inamla irəliləmələridir. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə  hakimiyyətə qayıdışı digər sahələr kimi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması  istiqamətində də uğurlu yolun əsasını qoydu. Hər bir ölkənin dünyada öz təsdiqini tapmasında həqiqətlərinin düzgün təbliği vacib rol oynayır.  Milli maraqlar hər şeydən öndə dayanmalıdır. Tariximizin, mədəniyyətimizin, həqiqətlərimizin təbliğinə, vətənpərvərlik hissinin aşılanmasına xidmət edən  tədbirlərin  miqyasının  genişləndirilməsi  mütləqdir.


Mustafayeva  Sevinc  Rəsul qızı

YAP Göygöl rayon təşkilatı üzrə 1 saylı ərazi partiya təşkilatının fəal üzvü.

Xəbəri paylaş: