
Tibb elmləri doktoru, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli Yaşar Əliyevin 75 yaşı tamam olur.
Rezonans.az xəbər verir ki, Yaşar Əliyev 1948-ci ilin iyul ayının 5-də Bakıda dünyaya gəlib. 1966-cı ildə Bakı şəhəri 1 saylı orta məktəbi bitirdikdən sonra Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olub və 1971-ci ildə ali təhsilini başa vuraraq həkim ixtisasına yiyələnib.
Əmək fəaliyyətinə 1972-ci ilin yanvar ayından Zaqulba sanatoriyasında həkim kimi başlayıb. Sonra Bakı şəhəri Əzizbəyov rayon Komsomol Komitəsinin II katibi vəzifəsində çalışıb. Daha sonrakı əmək fəaliyyəti Semaşko adına xəstəxana ilə bağlıdır. Burada cərrahiyyə şöbəsində həkim, baş həkimin müavini və xəstəxanasının baş həkimi vəzifələrində işləyib. 1990-cı ildə Azərbaycan SSRİ XII çağırış Ali Sovetinin deputatı, 1992-ci ildə isə Milli Məclisin üzvü seçilib. 1994-cü ildən əmək fəaliyyətini Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini kimi davam etdirib. 1995-ci il birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçilərək, Milli Məclis sədrinin müavini kimi fəaliyyət göstərib. Uzun illər Azərbaycan Respublikasının Çin Xalq Respublikasında, Vyetnamda, Cənubi Koreyada, Şimali Koreyada və Monqolstanda fövqəladə və səlahiyyətli səfiri olub. 20-dən çox elmi əsərin müəllifidir.
Y.Əliyev evlidir, iki övladı var. Oğlu Rüfət Əliyev Azərbaycan Tibb Universitetini bitirib. Tibb xidməti üzrə DTX zabitidir. 2015-ci ildə “Vətən uğrunda” medalı ilə təltif edilib. Qızı Səbinə Əliyeva Baкı Dövlət Universitetini bitirib. İxtisasca hüquqşünasdır. 2019-cu ildən Azərbaycanın İnsan Hüquqları üzrə Ombudsmanıdır.