
Dünyada baş vermiş və hal-hazırda baş verən silahlı münaqişələr, müharibələr ölkələrin ekologiyasına nəzərə çarpacaq dərəcədə öz mənfi təsirini göstərmiş və göstərməkdədir. Xüsusi qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə nəticələnən müharibə ölkəmizin ekosisteminə bilərəkdən ziyan vurulmasına gətirib çıxarmışdır. Məlumdur ki, ekosistemin bəzi komponentləri çatışmayanda o dağılmağa başlayır və təbii tarazlıq pozulur, florada məhsuldarlıq azalanda məhv olur, Fauna növləri yaşayış üçün daha əlverişli şəraiti olan yerlərə köç edirlər. Bütün bu illər ərzində ermənilər şüurlu surətdə təbiətimizi məhv etmiş, Azərbaycanın flora və faunasına çox böyük ziyan vurmuş, minlərlə hektar meşə massivini qırmış, yandırmış, çaylarımızı və göllərimizi qurutmuş, nadir bitki və ağac növlərinin kökünü kəsmiş, yeraltı və yerüstü sərvətləri talan etmişdir. Çayların, göllərin qəsdən çirkləndirilməsi nəticəsində qiymətli balıq növləri yox olmuş və balıq ehtiyatları tükənmişdir.
Uzun illər işğal altındakı torpaqlarımızda aparılmış ekoloji terrorun tam mənzərəsi 2020- ci ilin sentyabr ayında başlanmış və cəmi 44 günə şanlı Azərbaycan Ordusu tərəfindən məhv edilmiş Ermənistan silahlı birləşmələrinin məğlub edilməsindən və 30 illik işğala son qoyulmasından sonra daha aydın şəkildə özünü göstərmişdir. İşğaldan azad edilmiş ərazilər sanki vandal və vəhşi qəbilənin keçdiyi xarabazarlığı xatırladır. Erməni vəhşiləri bu yerlərdə müvəqqəti olduqlarını bildikləri üçün təbiətə qənim kəsilərək ekologiyanı darmadağın etmiş, Ermənistan dövlətinin birbaşa təşkilatçılığı ilə ekoloji təhlükəsizliyə təhdid yaradan qanunsuz əməllər törədiblər. 30 illik işğal dövründə Azərbaycana məxsus su anbarlarını nəzarətdə saxlayaraq ölkəmizə qarşı ekoloji terror törədiblər.
Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ətraf mühiti və təbii sərvətləri illərdir ki, ermənilər tərəfindən məhv edilib, talanıb. Təbii resurslarımız vəhşicəsinə istismar olunub ki, bu da Azərbaycanın təbiətinə, milli sərvətinə böyük zərbə olub. O torpaqlarda ekoloji terror yaşanıb və ermənilər bunu şüurlu şəkildə həyata keçirərək, Azərbaycan ərazisində ekoloji soyqırım – ekosid törədiblər. Bu terror təkcə Azərbaycana qarşı deyil, bütün regiona qarşı törədilmiş cinayətdir. Çaylarımızı, meşələrimizi , milli sərvətlərimizi məhv ediblər. Və bu işdə ermənilərə havadarları köməklik edib. Bütün bunları bərpa etmək üçün illər və milyardlarla vəsait lazım olacaq.
Bu gün Azərbaycan işğaldan azad etdiyi torpaqların faunasını, florasını bərpa etməyə çalışır. Öz çıxışlarında dəfələrlə bu məsələni vurğulayan ölkə başçısı cənab Ilham Əliyev cari ilin 11 iyul tarixində 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə də qeyd elədi ki, "Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonasına çox yaxın idi. Çünki həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda, o vaxt işğal edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurulub. 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib, çıxarılıb, satılıb, yaxud parket düzəldiblər və satıblar".
Məhv edilmiş təbiət obyektlərinin və bütövlükdə ekosistemin bərpası uzun sürən prosesdir. Ermənilərin törətdiyi ekoloji terrorun, təbiətə vurduqları ziyanın miqyası o qədər böyükdür ki, onu heç zaman tamamilə aradan qaldırmaq mümkün olmayacaq. Bu gün qarşımızda duran əsas məqsəd işğaldan azad edilən torpaqların, o cümlədən Şərqi Zəngəzur və Qarabağ iqtisadı rayonlarının bərpası, burada insanların yaşaması üçün müvafiq şəraitin, yeni infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtmasının təmin edilməsidir.
İnanırıq ki, Ermənistanın 30 il müdətində Azərbaycana qarşı apardığı ekoloji terrorda əli olan şəxsləri öz layiqli cəzalarını alacaqlar.Bu işdə beynəlxalq qurumlar və təşkilatlar dövlətimizin haqlı mövqeyini müdafiə etməlidirlər.
Emil Məmmədov ,
YAP Göygöl rayon təşkilatının məsləhətçisi