
Göygöl rayonunda Heydər Əliyev ili ilə bağlı hazırlanmış tədbirlər planına uyğun olaraq 14.07.2023-cü il tarixində “Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib.
Göygöl Rayon İcra Hakimiyyəti ilə YAP Göygöl rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Kəmalə İbrahimova, Gənclər və İdman sektorunun müdiri Zaur Abbasov, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, gənclər təşkilatlarının nümayəndələri, QHT nümayəndələri və YAP fəalları iştirak etmişdir.
İlk öncə Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova tədbiri açaraq, Heydər Əliyev ili ilə bağlı Göygöl rayonunda keçirilən silsilə tədbirlərdən söhbət açmış, çoxsaylı tədbirlərin davamı olaraq bu günkü tədbirin mahiyyətindən danışmışdır.
Rezonans.az xəbər verir ki, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxış edərək, 14 iyul gününün Azərbaycan xalqının tarixində ən əlamətdar günlərdən biri olduğunu vurğulayaraq, bəşəri kamilləşmənin ən yüksək zirvəsini fəth etmiş Ümummill Liderimiz Heydər Əliyevin müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi və beynəlxalq siyasət korifeyi kimi düşdüyünü vurğulayaraq, Ulu Öndər Heydər Əliyevin xalqımıza bəxş etdiyi Müstəqil Azərbaycan Respublikasının yüksək inkişafa nail olmasından danışmış, cəmiyyətin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yeri və rolu haqqında geniş və ətraflı söhbət açmış, bu gün ölkəmizə layiqincə rəhbərlik edən Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin misilsiz fəaliyyətindən danışmışdır. Vüqar İsayev qeyd etmişdir ki, müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz milli sərvətimizdir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Göygöl Gənclər Evinin əməkdaşı Gülmira Əbdülkərimova “Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda məruzə ilə çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli Lideri var. Müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.
Digər çıxış edənlərdən Gənclər İdman sektorunun müdiri Zaur Abbasov, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə və digərləri Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycanın dünyaya tanıdılmasından danışmış, Heydər Əliyev ideyalarının bu günümüzün və gələcəyimizin daha da etibarlı təminatı, insanların rifah halının daha da yüksəlməsi üçün çox böyük əhəmiyyətə malik olduğunu qeyd etmişlər.
Bütün çıxış və nitqlərdə Ulu Öndər dərin hörmət və ehtiramla xatırlanmış, bu günkü Qüdrətli Azərbaycan Dövlətinin mövcudluğunda Heydər Əliyevin rolu xüsusi olaraq vurğulanmış, xalqımızın “Tənəzzüldən-inkişafa, tərəqqidən-zəfərə” çatmasına görə əbədiyaşar Ulu Öndər Heydər Əliyevə və Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə yüksək minnətdarlıq ifadə olunmuşdur.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.