Dünya Azərbaycanlılarının V Qurultayının Şuşa şəhərində keçirilməsi böyük tarixi hadisədir

img

Azərbaycanın qazandığı möhtəşəm Zəfərdən sonra dünya azərbaycanlılarının ilk dəfə toplaşdıqları bu mühüm tədbir Zəfər Qurultayı adlandırıldı.

 Zəfər Qurultayında geniş nitq söyləyən Azərbaycan Prezidenti cənab İlham Əliyev torpaqlarımızın azad edilməsindən, bu taleyüklü məsələdə dövlətin, xalqın, ordunun, eyni zamanda dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlıların həmrəyliyindən, hədəfə nail olmaq üçün görülən işlərdən bəhs etdi. Cənab Prezident qeyd etdi ki, bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımızdır və onlar tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən vətənpərvər gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər. Vətən müharibəsi günlərində yekdil birlik nümayiş etdirən dünya azərbaycanlılarının həmrəyliyi qələbə ilə yekunlaşdı. Hər bir azərbaycanlı öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirirək bu qələbəyə öz töhfəsini verdi. Azərbaycan xalqı öz gücünü ortaya qoyaraq ədaləti, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut edildi ki, Azərbaycan xalqı böyük xalqdır və heç vaxt işğalla barışmaq fikrində deyil Bu qurultayda səsləndirilən mesajlar, nişan verilən hədəflər bizi işıqlı gələcəyə aparan mübarizə yollarında sıx birləşdirəcək, dünyada yaşayan bütün azərbaycanlıların, onların diaspor təşkilatlarının fəaliyyətini daha da gücləndirəcək. Bu baxımdan düşünürəm ki, bundan sonra da birlikdə Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında daim beynəlxalq ictimaiyyəti məlumatlandırmalıyıq. Qurultayda çıxış edən cənab president İlham Əliyevin də qeyd etdiyi kimi: “XIX əsrdə, XX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi. 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi, bu da tarixi faktdır. Ondan iki il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana bağışlaması, bu da sənədlərlə təsdiq olunan faktdır.

1921-ci ildə sovet hakimiyyəti tərəfindən bizə qarşı növbəti təxribat hazırlanırdı - Qafqaz Bürosu Qarabağı da bizdən qoparmaq istəyirdi. Ancaq alınmadı və qərar qəbul olundu ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Amma buna baxmayaraq, il yarım keçəndən sonra – 1923-cü il iyulun 7-də Azərbaycan ərazisində tamamilə əsassız, süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti. Bunun yaradılmasının heç bir əsası yox idi. O vaxt indiki Ermənistanda yaşayan azərbaycanlıların sayı Qarabağda yaşayan ermənilərlə müqayisədə bəlkə də iki dəfə çox idi. Ondan sonra 1940-1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası, - bu da xalqımız üçün böyük faciə və böyük ədalətsizlik idi. Azərbaycanlılar öz tarixi torpaqlarından Azərbaycanın Mil-Muğan zonasına zorla köçürülmüşdür. O Azərbaycana qarşı bu edildi ki, İkinci Dünya müharibəsində 300 min Azərbaycan övladı müharibəyə getdi, qayıtmadı. Hər birimiz – həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Xaricdə yaşayan azərbaycanlıların bu sahədə daha böyük imkanları var. Son illər ərzində bizim diaspor təşkilatlarımız çox fəallaşıb. Hətta erməni radikal qüvvələrinin fiziki hücumlarına baxmayaraq, - onlar yenə də say çoxluğundan istifadə edib bizim fəallara qarşı cinayət törətmişlər, - azərbaycanlılar öz sözünü demişdilər, bu gün də bunu etmək lazımdır”. Bütün bunları nəzərə alaraq biz tarixi həqiqətləri, erməni vandalizmini öz imkanlarımız daxilində dünyanın hər yerinə  çatdırmalıyıq. Ən əsası sevindirici hal ondan ibarətdir ki, 44 günlük Vətən müharibəsində düşmənin beli qırıldı və biz  qlobal humanizm siyasəti üçün təhlükə yaradan  erməni faşizmini məhv etdik. 


Yasin Cavadov 


YAP Yevlax rayon təşkilatının fəalı,

Salamabad kənd tam orta məktəbinin direktoru.

Xəbəri paylaş: