Azərbaycanda insanların rifahı daim diqqət mərkəzindədir

img

İnsanların həyat şəraitini yaxşılaşdırmaq qarşıda duran ən böyük vəzifədir. Bunu etmək üçün bizim hər cür imkanımız və yetərincə möhkəm iradəmiz var.

Əminəm ki, Azərbaycan bundan sonra da iqtisadi cəhətdən güclü ölkəyə çevriləcək və digər ölkələrə nümunə olacaqdır. Mən Azərbaycanı belə görmək istəyirəm”1.

İlham Əliyev

Hər bir dövlətin uzunmüddətli inkişaf perspektivi onun sağlam və etibarlı təməl üzərində qurulmasından asılıdır. Bu gün ölkəmizin regionda əsas iqtisadi güc mərkəzinə çevrilməsi müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin fəaliyyəti, xüsusilə də onun dövlət quruculuğu və iqtisadi islahatların həyata keçirilməsi sahəsində atdığı strateji addımların nəticəsində mümkün olmuşdur.

Azərbaycanda  müstəqil dövlətçiliyin qorunması  ənənəsinin yaradılması Ulu Öndərin, dövlətimizin modernləşməsi və daha da güclənməsi, milli iqtisadiyyatımızın sürətli inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Ümumiyyətlə,  məqsəd və vəzifələri, orta və uzunmüddətli dövr üçün inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirmədən, müxtəlif sahələr üzrə fəaliyyət proqramlarını hazırlamadan ölkənin sosial-iqtisadi həyatında əsaslı dönüşə nail olmaq mümkün deyil. Ötən illər ərzində Prezident İlham Əliyev Ulu Öndərin qurduğu təməl üzərində Azərbaycanın bir dövlət kimi dayaqlarını möhkəmləndirdi.

Azərbaycanın sosial-iqtisadi inkişafının əsas istiqamətləri İlham Əliyevin 2003-2023-cü illərdə imzaladığı çoxsaylı fərman və sərəncamlarda, dövlət proqramlarında öz əksini tapmışdır.

Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi quruculuq prosesi geniş vüsət aldı. Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrildi.Hər bir Azərbaycan vətəndaşı ölkəmizin iqtisadi gücü və qüdrətinin ilbəil artmasının şahidi oldu, iqtisadi inkişafın nəticələrini özünün həyat səviyyəsinin yüksəlməsində hiss etdi.

“Bütün planlarımızın həyata keçirilməsi üçün başlıca şərt iqtisadi potensialdır”5. Bu, Prezident İlham Əliyevin səsləndirdiyi əsas tezislərdən biridir. Təsadüfi deyildir ki, hazırda Azərbaycanda dövlət idarəçiliyi əsas etibarilə “güclü iqtisadiyyat-güclü dövlət” prinsipinə əsaslanır. İqtisadi diplomatiyanın imkanlarından maksimum istifadə edilməsi də bu prinsipin reallaşdırılmasına xidmət edir.

 

Prezident İlham Əliyevin hər zaman səsləndirdiyi fikirlər və qeyd olunan faktlar bir daha onu təsdiqləyir ki, əvvəlki illərdə ölkə həyatının bütün sahələrində müşahidə olunan dinamik inkişaf bu il də uğurla davam edib, göstəricilər yüksəlməkdədir. Belə ki, qeyri-neft-qaz sektorunda, sənaye, nəqliyyat, turizm və digər sahələrdə böyük nailiyyətlər əldə olunub, sənaye məhsullarının ixracı potensialı artıb, həmçinin yeni müəssisələr yaradılıb, daimi iş yerləri açılıb. Bütün bunlar dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı və uğurlu islahatlar nəticəsində ölkəmizin iqtisadi qüdrətinin durmadan artdığını göstərir. Məlumdur ki, hazırda dünyada baş verən ziddiyyətli proseslər qlobal iqtisadiyyata da öz mənfi təsirini göstərməkdədir,  dünya bazarlarında başlıca əmtəələr üzrə qiymətlər artır. Bunun fonunda ölkəmizdə süni qiymət artımının qarşısının alınması istiqamətində müvafiq qurumlar tərəfindən əhəmiyyətli addımlar atılmaqdadır. Həmçinin müşavirədə qeyd olunduğu kimi, antiinflyasiya siyasəti üzrə xüsusi tədbirlər planı təsdiqlənib və icra edilir. Aydın görürük ki, bütün bu məsələlərə dövlətimiz tərəfindən ciddi nəzarət olunur və nəticələr də müsbətdir. Vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması, rifah halının yüksəldilməsi hər zaman dövlətimizin fəaliyyətinin prioritet istiqamətlərindən biri olub. Son zamanlar əməkhaqlarında baş verən 14 faiz artım, həmçinin pensiyaların 10 faizdən çox artırılması bunu deməyə əsas verir”.

Bir sözlə, ölkəmizdə səmərəli dövlət idarəetməsinin qurulması istiqamətində həyata keçirilən işlərin və dövlət siyasətinin mərkəzində vətəndaş durur, onun məmnunluğu inkişafın və şəffaflığın əsas göstəricisi hesab edilir. Bu da ölkə başçısı tərəfindən son illərdə imzalanan Azərbaycan vətəndaşlarının, xüsusən şəhid ailələrinin, qazilərin, düşmən təcavüzü nəticəsində xəsarət alan və evləri dağıntılara məruz qalan, həmçinin digər kateqoriyadan olan insanların sosial müdafiəsinin daha da artırılmasına yönəldilən Fərman və Sərəncamlarda öz əksini tapır.

Bu isə ölkəmizdə vətəndaş məmnunluğunu daha da artırır. Nəticədə Azərbaycan  xalqı Prezident İlham Əliyevə böyük etimad göstərir, dövlət başçısının siyasətini birmənalı olaraq dəstəkləyir.

Anar Rzayev,  YAP Göygöl rayon təşkilatı Çaykənd kənd ərazi partiya təşkilatının sədr müavini

Xəbəri paylaş: