
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-quruculuq işləri davam etdirilir.Böyük qayıdış proqramına əsasən, Qarabağ və Şərqi Zəngəzura geri dönüş sürətləndirilir. Qısa müddət ərzində böyük irəliləyişlər əldə edilən ərazilərin bəzilərində artıq yaşayış üçün şərait yaradılıb.Əzəli yaşayış sahələrimizdə tariximizi, mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən canlandırmaq üçün bu ərazilərə mərhələli şəkildə, sektorlar üzrə investisiya qoyuluşlarının və digər sərmayələrin cəlb edilməsi qarşıya mühüm vəzifə kimi qoyulub. Vətən müharibəsində əldə edilən tarixi qələbəmizin yaratdığı reallığın nəticəsi olan “Zəfər yolu” hazırda düşməndən təmizlənən ərazilərdəki ən mühüm layihələrdən biri kimi Füzuli rayonundan Şuşa şəhərinə kimi uzanır. Bundan başqa, Əhmədbəyli–Füzuli–Şuşa, Füzuli–Ağdam, Bərdə–Ağdam, Toğanalı–Kəlbəcər–İstisu, Xudafərin–Qubadlı–Laçın, Şükürbəyli–Cəbrayıl–Hadrut, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolları, Füzuli–Cəbrayıl–Zəngilan–Ağbənd, Horadiz–Zəngilan–Ağbənd dəmiryolları çəkilir, elektrik enerjisi, su təchizatı sistemləri yenidən qurulur. İşğaldan azad edilmiş Zəngilan rayonunda ilk “ağıllı kənd”, “Dost Aqropark” layihələri icra edilir. Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilanda yaşayış məntəqələrinin salınması ilə bağlı planlar hazırlanır. Qarabağ və Şərqi Zəngəzurda icra edilən bərpa layihələri sırasında Laçına çəkilən yeni yol da xüsusi əhəmiyyətə malikdir. Qarabağ və Şərqi Zəngəzurda aeroportların tikilməsi, avtomobil və dəmir yollarının inşa edilməsi ilə Azərbaycan müasir infrastruktura malik nəqliyyat qovşağına çevrilir. Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmiryolunda bu gün sürətli tikinti işləri aparılır. Yeni müqavilələr Azərbaycanın işğaldan azad edilmiş ərazilərində artıq iki hava limanının tikilib başa çatması, birinin isə tikintisi dövrünə təsadüf edir. Gələn il Azərbaycan işğaldan azad edilmiş ərazilərdə üçüncü - Laçın beynəlxalq hava limanını açmağı planlaşdırır. Prezident İlham Əliyev Laçın beynəlxalq hava limanının təməli qoyularkən, 2021-ci ildə deyib ki, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq.
Cənab Prezident deyib ki, sovet dövründə bu bölgədə hava limanı olmayıb və olsa bahalı ola bilərdi, amma bu gün Azərbaycan dövlətinin buna maliyyə imkanları yetərincə var.Ali Baş Komandanın sözlərinə görə, Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına gətirib çıxaracaq.“Bu hava limanlarının həm yüklər, həm sərnişinlər, eyni zamanda hərbi təyinatı da, təbii ki, göz önündədir. Biz daim hazır olmalıyıq, daim öz hərbi gücümüzü artırmalıyıq, hərbi infrastruktur yaratmalıyıq və yaradırıq, o cümlədən hava limanları bizim hərbi məqsədlərimizə də xidmət edəcək”, - İlham Əliyev bildirib.
Azərbaycan erməni vandallarının yer üzündən sildiyi 9 şəhər və yüzlərlə kəndi öz maliyyə resursları hesabına dünyanın müasir standartlarına uyğun bərpa edir. Ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli, uzaqgörən, praqmatik siyasəti sayəsində işğaldan azad edilən ərazilərdə yaradılacaq əlverişli mühit öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan fədakar və məğrur insanların 30 illik həsrətinə son qoydu. . Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları tezliklə Azərbaycanın əsas dayaq nöqtələrindən birinə çevriləcəklər. Beləliklə, göründüyü kimi, Dövlət Proqramında 2026-cı ilədək görüləcək işlərin miqyası kifayət qədər böyükdür. Ümumilikdə isə görülən işlər, həyata keçirilən tədbirlər bir daha deməyə əsas verir ki, bu məqsədlə qəbul olunmuş proqramın uğurla icra olunması sayəsində quruculuq-bərpa işləri tezliklə başa çatacaq, insanlarımız yurd həsrətinə son qoyaraq öz doğma torpaqlarında firavan yaşayacaqlar.
20 Oktyabr 2020-ci il tarixində müzəffər Azərbaycan Ordusu Zəngilan şəhərini işğalçılardan azad edib.
Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm də milli ləyaqətimizi bərpa etdik. Bu gün işğaldan azad olunmuş bütün torpaqlarımızı öz gücümüzə yenidən qururuq, eləcə də Zəngilan torpağında həyat qururuq. Qarabağa “Böyük Qayıdış”da məhz Zəngilandan başlamışdır.
İlkin Məmmədov,
YAP Göygöl rayon təşkilatı üzrə Qızılqaya qəsəbə ərazi partiya təşkilatının sədr müavini