Azərbaycan xalqının əzmi, Azərbaycan əsgərinin gücü, Vətən sevgisi!

img

44 günlük Vətən müharibəsi Azərbaycanın ən yeni tarixinin ən şanlı səhifəsi olaraq qəbul edilməkdədir. Səbəbi isə sadədir. Belə ki, sadəcə 44 gün ərzində 30 ilə bərabər tarix yazıldı. Tarixi yazan isə Ali Baş Komandan cənab İlham Əliyev və onun tabeliyində olan şanlı Azərbaycan Ordusu idi.


Ordumuz Beşinci nəsil müharibə apararaq hazırlıq səviyyəsinin sadəcə Cənubi Qafqazdakı Ordulardan deyil, dünyadakı inkişaf etmiş bir çox ölkələrin ordularından üstün olduğunu sübut etdi. Aydındır ki, ordunun gücü sadəcə onun hərbi arsenalındakı silah-sursat ilə ölçülmür, ordunun gücü daha çox onun psixoloji və mənəvi hazırlığındadır. Azərbaycan Ordusu isə 44 gün ərzində hansı hazırlıq səviyyəsində olduğunu açıq-aydın göstərdi. Bir faktı səsləndirmək kifayətdir ki, iki ölkə ordusu arasındakı fərq gözə çarpsın. Məlumdur ki, müharibənin aktiv fazasının getdiyi günlərdə erməni ordusundan minlərlə əsgər firarilik etmişdi. Ermənistan hökuməti də etiraf etməyə məcbur olmuşdu ki, onların 10 mindən çox fəraisi olub və müharibənin son günlərində artıq mövqelərdə qoymaq üçün əsgər tapmaq çətinləşib. Əlbəttə ki, bu təəccüblü deyil. Axı siravi erməni niyə özünün olmayan, özünə doğma bilmədiyi başqa ölkənin torpağı üçün can verməyə hazır olsun. Bu absurddur. Azərbaycan əsgərinin mənəvi hazırlığının erməni əsgərində olmasının gözləmək sadəcə mənasızdır. Hətta düşmən ordunun əsgərləri və zabitləri belə Azərbaycan əsgərinin gücündən lərzəyə gəldiklərini etiraf etməyə məcbur olurdular. Həmin günlərdə bir çox əskərimiz yaralansa da öz mövqelərindən çəkilmək istəmir, yaralarını sarıyaraq döyüşə davam edirdi. Digər bir halda, xəstəxanaya gətirilən, ilkin tibbi yardım göstərilən əsgərlərimiz dərhal cəbhəyə qayıtmaq, şəhid olan yoldaşlarının qisasını almaq, torpaqlarımızı  düşməndən xilas etmək üçün çalışırdı. Əlbəttə ki, belə vətənpərvərlik və ruh yüksəkliyi ancaq daxildən gələn mənəviyyatla mümkündür. Ancaq eyni zamanda da, illərdir cəmiyyətdə, ələxsus da orduda aparılan düzgün siyasətin nəticəsidir. Ölkə başçımız cənab İlham Əliyevin də dediyi kimi, döyüşə gedən, öz sinəsini atəş altına qoyanlar 17 il ərzində vətənpərvərlik ruhunda tərbiyə almış övladlardır. Bu övladlar, vətən uğrunda can veməyi özlərinə şərəf bilərək, Azərbaycanı 30 illik dərddən, ləkədən qurtardılar. Təbii ki, hər hansı bir ordunun qalib olması üçün onun müasir silah-sursatı, vahid komandanlığı, güclü dəstəyi olmalıdır. Ancaq insan amili hərşeydən vacibdir. Döyüşü şərəfli Azərbaycan əsgəri udub. Şuşanın işğaldan azad edildiyi müjdəsini verərkən də Ali Baş Komandan böyük fəxrlə bunu dilə gətirmiş və Ordusunun fəaliyyətini yüksək qiymətləndirmişdi. Sitat: “Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!”

Azərbaycan Ordusu cəbhədə irəlilədikçə Azərbaycan xalqı da Ordusunun və onun Ali rəhbərinin arxasında dağ kimi dayanmağa davam etdi. Bildirək ki, döyüşlər zamanı ən siravi əsgərdən, ən elit zabitə qədər hər kəs öz üzərinə düşən vəzifəni ən yüksək səviyyədə icra etdi. Döyüşlərdə xüsusi təyinatlılarımız sözün əsl mənasında dastan yazdı.  Şuşa əməliyyatı isə hərb tarixinə düşəcək, dərslərdə təbliğ olunacaq qədər əzəmətli oldu. Alınmaz qala hesab olunan Şuşa əsgərlərimizin qətiyyəti, əzmi, qəhrəmanlığı və fədakarlığı hesabına cəmi 400 döyüşçümüzün gücünə alındı. Şübhəsiz ki, hər əsgərimiz vahid komandanlıqdan əmr alır və aldığı hər əmri qeyd-şərtsiz yerinə yetirirdi. Bizi qalib edəndə bu idi. Vahid komandanlıq, düşünülmüş, dəqiq, minimum canlı qüvvə itkisinə hesablanmış planlama və döyüş tapşırığını canından keçməyə hazır əsgər.

Müharibədə Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan müasir texnikanın da əvəzsiz rolu oldu. Beləliklə, 44 günlük müharibə hər şeyi ilə tarixə düşəcək böyük bir dərs və dastan idi. Bugün təcrübəmizin öyrənilməsində maraqlı olan bir çox ölkələr var. Hansı ki, onların arasında inkişaf etmiş etmiş orduya sahib ölkələr də var. Amma sonda bir daha qeyd etmək istəyirəm ki, mənəvi cəhətdən hazır insan gücü omayan ordu heç bir silah-sursatla müharibəni qazana bilməz. Bizə qələbəni gətirən milyon dollarlıq silahlar deyil, şanlı Azərbaycan Ordusunun mərd oğulları və sadəcə səngərdə, cəbhədə yox, diplomatiya masasında, informasiya müstəvisində  mübarizə aparan Ali Baş Komandandır.

Yaşasın Azərbaycan! Yaşasın şanlı Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandan!


İsa İsayev, 

YAP Naftalan şəhər Təşkilatının fəal gənc üzvü , Vətən Müharibəsi veteranı

Xəbəri paylaş: