Özbəkistanla Azərbaycan arasında əlaqələr durmadan genişlənir

img

Məlumdur ki, bu gün Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq nəinki regionda, eyni zamanda, bütün Avrasiya məkanında xalqlar arasında iqtisadi, mədəni, siyasi, diplomatik əlaqələrin dərinləşməsini, insanların daha yaxşı, rifah içində yaşaması üçün yeni qərarların qəbul olunması, yanaşmaların tətbiq edilməsində əzmkarlıq nümayiş etdirir. Qeyd edək ki, ölkəmiz özünün çoxvektorlu xarici diplomatiyasında dost və tərəfdaş olan ölkələrlə münasibətlərin yeni mərhələdə inkişaf etdirilməsində maraqlıdır. Bunun əyani göstəricisidir ki, son zamanlarda dövlət başçılarının qarşılıqlı səfərlərini müşahidə etməkdəyik.

         

Yeri gəlmişkən, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin prezident seçkilərindən sonra ilk rəsmi səfərini Azərbaycana etməsi ölkəmizin regionda, eləcə də beynəlxalq arenada sərgilədiyi düzgün siyasəti, eyni zamanda, İkinci Qarabağ - Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfərin Özbəkistan tərəfindən dəstəklənməsi, habelə Azərbaycanın beynəlxalq platformalarda icra etdiyi bütün layihələrə birmənalı dəstəyi ilə bağlıdır. Dostluq və qardaşlıq göstəricisi hesab edilə biləcək səfər çərçivəsində iki ölkə arasında geniş tərkibdə məhsuldar görüşlər oldu, həm beynəlxalq, həm də iqtisadi sahələrdə qarşılıqlı fəaliyyətlə bağlı məsələlər nəzərdən keçirildi.

         

Onuda qeyd edək ki, səfər qarşılıqlı əlaqələrin, mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, əməkdaşlığın genişləndirilməsinə xidmət edən sənədlərin imzalanması ilə tarixə keçdi. Belə ki, görüşlərin ən mühüm nəticələrindən biri də, “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”nin və daha 19 sənədin imzalanması oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Sözügedən fakt ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir.” Bununla da enerji, nəqliyyat-logistika, media, gənclər siyasəti və idman, mədəniyyət sahələrini əhatə edən əməkdaşlıqların genişləndirilməsi barədə ümumi razılığa gəlindi.

        

Məlumdur ki, Azərbaycan və Özbəkistan xalqlarının hər ikisinin türkdilli, qardaş xalqlardır. Son illərdə yaxın dost və qardaşlığa çevrilmiş münasibətlər hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Belə ki, media sahəsində sazişin imzalanması informasiya siyasətində birgə addımlamağa perspektivlər açacaq. Azərbaycanda Özbəkistan, Özbəkistanda isə Azərbaycan mədəniyyəti günlərinin təşkili, Özbəkistanda Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin 100 illiyinə həsr olunmuş anım tədbirlərinin keçirilməsi və digər toplantılar münasibətləri daha da möhkəmləndirir. 

         

Səfər çərçivəsində Azərbaycanla Özbəkistan Prezidentləri və xanımlarının işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfərləri, quruculuq işləri ilə tanışlıqlar, sakinlərlə görüşləri bir daha göstərdi ki, Özbəkistan qardaş Azərbaycanın Qarabağ regionunun dirçəldilməsi prosesinə töhfə verməkdə maraqlıdır. Bu səfərin xüsusi məqamlarından biri də odur ki, Azərbaycan artıq Şərqdən Qərbə logistik imkanların genişləndirilməsi istiqamətində istər qanunvericilik, istərsə də təşkilatı məsələlərin həllinə yaxınlaşmaqdadır. Belə ki, Çinin təklif etdiyi “Bir kəmər, bir yol” layihəsini dəstəkləyən ilk dövlətlərdən biri də Azərbaycandır. Eyni zamanda, Qərbdən Şərqə doğru yeni ticarət dəhlizinin tamamlanması siyasətinin Cənubi Qafqazda reallaşması üçün Azərbaycan öz üzərinə düşən işləri görməkdədir. Bu baxımdan, Orta Asiyada inkişaf etməkdə olan Özbəkistanla Azərbaycanın mövcud ikitərəfli münasibətlərinin yeni müstəvidə vüsət alması Orta Dəhliz layihəsi ilə bağlı aparıla biləcək işlərin də sürətlənməsini mümkün edəcəkdir. Beləliklə regionun aparıcı qüvvəsi, lokomotivi olaraq artıq ölkəmizin geosiyasi əhəmiyyətinin gündən-günə artdığını müşahidə etməkdəyik. 

      

Ən əsası, dövlətlərarası münasibətlər rəsmi səfərlərlə daha da möhkmlənir. Belə münasibətlər siyasi əlaqələrin təzahürüdür və dünyəvi proseslərdə də kifayət qədər hiss olunur. Türkdilli xalqların ikitərəfli və çoxtərəfli əlaqələri tarixən qarşılıqlı inkişafda müəyyən əhəmiyyətə malik olub.


Anar Süleymanov,

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı üzrə 3 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC ərazi partiya təşkilatının sədri

Xəbəri paylaş: