"30 ilə yaxın Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməyən, bütün beynəlxalq təşklilatların, o cümlədən, BMT TŞ-nin sənədlərini heçə sayaraq, Azərbaycan torpaqlarını işğal altında saxlamağa davam edən Ermənistanın Laçın yoluyla bağlı məsələni BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarması təəccüb doğurur və bu, ikiüzlülükdür".
Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Belçika Krallığının xarici işlər, Avropa işləri, xarici ticarət və federal mədəni institutlar naziri Hadja Lahbibin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan xalqı sülh və sabitlik istəyir. Onun sözlərinə görə, müharibədən 3 il ötsə də, Azərbaycanın təklif etdiyi sülh sazişi hələ də imzalanmayıb.
"Çünki Ermənistan prosesi ləngitmək istəyir. Digər ölkənin ərazi bütövlüyünü tanıdığını bəyan etmək igidlik deyil. Bu, sadəcə beynəlxalq hüququn tələbidir. İgidlik öz torpaqlarını işğaldan azad etməkdir. Bu gün Azərbaycanın işğaldan azad olunmuş bütün şəhər və rayonlarımızı bərpa etməsi, böyük bərpa və quruculuq işlərini həyata keçirməsi igidlikdir" - deyə o qeyd edib.