Ölkəmizdə gənclər siyasətinin əsası Heydər Əliyev tərəfindən qoyulmuşdur

img

Məlum olduğu kimi, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclərin milli-mənəvi dəyərlər əsasında formalaşmasını tövsiyə edən, bunu dövlət üçün prioritet məsələlər sırasına çıxardan böyük tarixi şəxsiyyət Heydər Əliyev bu siyasəti müstəqilliyin mühüm tərkib hissələrindən biri hesab edirdi. Dünyaduyumu milli-mənəvi dəyərlər əsasında formalaşan gənclik dövlətçiliyin sədaqətli əsgəri olur, həm də vətəndaşlıq borcunun fəlsəfi mahiyyətini həssaslıqla dərk edir. Ulu Öndər 1993-cü il sentyabrın 22-də Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdə demişdi: “Gənclərimizin borcudur ki, Azərbaycan daim müstəqil dövlət olsun, Azərbaycan xalqı bir millət kimi dünyada öz yerini tuta bilsin, gələcəyə daha da uğurla gedə bilsin, dünya millətləri, xalqları arasında aşağı səviyyədə durmasın, ümumdünya səviyyəsində olsun”.

       

Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra respublikada hakimiyyət boşluğu, səriştəsizlik, əsassız qarşıdurmalar kəskin siyasi böhran yaranmışdı ki, bu da dövlətçiliyin itirilməsi həddinə çatdırılmışdı. Belə bir şəraitdə xalq, bu sıradan gənclər ciddi təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Həmişə azərbaycançılıq qüruru ilə yaşayan Ulu Öndər xalqın dəvəti ilə hakimiyyətə qayıtdı. Azərbaycanın dövlətçiliyi xilas edildi. Digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərin qorunmasında da dövlət səviyyəsində tədbirlər həyata keçirildi. Belə tədbirlər sırasında gənclərin vətənpərvərlik duyğularının daha da inkişaf etdirilməsi də vardı. Ulu Öndər 1997-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunda nitqində dedi: “Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir.”.”Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” deyən Ulu Öndər həmin Forumun birinci ildönümü münasibətilə forum nümayəndələrinin bir qrupu ilə görüşündə böyük əminliklə demişdi: "Milli, mənəvi, ümumbəşəri dəyərlərin hamısı birlikdə bütün vətəndaşlarımızın və xüsusən gənclərimizin mənəvi kodeksini təşkil etməlidir.”

         

Qeyd etmək yerinə düşər ki, Ulu Öndərin gənclərə inamı dövlətçiliyə inam idi, gənclərin dövlətçiliyə sevgisinə inamı dövlətçiliyin əbədiliyinə inam idi. Bu inam, bu əminlik Azərbycana sevgi idi. Ulu Öndərin bu sevgisinin, bu sevgiyə görə bu inamın ifadəsi olan “Bizim gənclər gərək hazırlaşsınlar ki, XXI əsrdə Azərbaycanın inkişafını təmin edə bilsinlər. Bunun üçün biliklənmək, təhsil almaq, sağlam həyat tərzi keçirmək, mənəvi, milli dəyərlərimizə daim söykənmək və ümumbəşəri dəyərlərdən səmərəli istifadə etmək lazımdır. Mən əminəm ki, bizim gənclərimiz Azərbaycanın gələcəyini bizdən elə yaxşı təmin edəcəklər. Çünki bizim çox zəkalı, çox bacarıqlı, istedadlı gənclərimiz vardır. Mən ümidvaram ki, gənclər bugünkü təcrübədən yaxşı bəhrələnəcəklər və Azərbaycanın gələcəyini təmin edəcəklər” fikirləri sabahlar üçün deyilmişdi. Azərbaycan gəncliyi Ulu Öndərin – Azərbaycan dövlətçiliyinin, Azərbaycan gəncliyinin hamisi olan dahi tarixi şəxsiyyətin inamını həyat fəlsəfəsi bilirdi, bunu həyat fəlsəfəsi kmi yaşadırdı.

        

Yeri gəlmişkən, böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 2000-ci il dekabrın 29-da Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində demişdi: “Müstəqilliyi elan etmək, onun qorunması və möhkəmləndirilməsi istiqamətində dövlət tədbirləri həyata keçirmək nə qədər vacib olsa da, əsl müstəqilliyi qazanmaq üçün bu, hələ azdır. Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun. Bunun üçün isə o, ilk növbədə yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli-mənəvi dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir”.

       

Ən əsası, Azərbaycan gəncliyi Ulu Öndərin istəyini gerçəkləşdirir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrini əsl azərbaycançılıq sevgisi ilə yerinə yetirir. 


Anar Rzayev,

YAP Göygöl rayon təşkilatı üzrə Çaykənd kənd ərazi partiya təşkilatının sədr müavini

Xəbəri paylaş: