Laçın yolu açıq olub və indi də açıqdır, orada hər hansı blokadadan söhbət belə gedə bilməz.
Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Laçın yolu ətrafında Ermənistanın apardığı yalan və uydurma təbliğata diqqət çəkən Milli Məclisin sədri vurğulayıb ki, Laçın yolu Azərbaycanın ərazisidir.
Spiker Sahibə Qafarova Azərbaycanın Xankəndi şəhərinə və ətraf kəndlərə humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif etdiyini, amma təəssüf ki, Ermənistanın bu yoldan istifadə etmək istəmədiyini qonağın diqqətinə çatdırıb.
Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan vətəndaşları olduqlarını bildirən Sahibə Qafarova xatırladıb ki, onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində lazımi addımlar atılır.
O, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin də dəfələrlə dediyi kimi, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar.