Sentyabrın 21-də Bakıda Asiya Parlament Assambleyasının (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclası keçirilib.
Rezonans.az xəbər verir ki, Milli Məclisin inzibati binasında parlamentin sədri Sahibə Qafarovanın iştirakı ilə keçirilən tədbirin açılış mərasimindən sonra komitə öz iclasına başlayıb.
APA-nın baş katibi Muhammed Reza Məcidi əvvəlcə iclasın gündəliyini təqdim edib. Gündəliyin təsdiqindən sonra toplantının Bürosu seçilib. Azərbaycanın APA-dakı nümayəndə heyətinin rəhbəri, Assambleyanın Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin sədri Qənirə Paşayeva büronun sədri seçilib.
Sonra iclas Qənirə Paşayevanın moderatorluğu ilə davam edib. O, giriş sözü ilə çıxış edib.
APA-nın və onun müvafiq komitəsinin ilk dəfə Azərbaycanda keçirilən iclasının iştirakçılarını salamlamaqdan məmnunluğunu ifadə edən Qənirə Paşayeva ölkəmizin tarixindən, mövcud vəziyyətindən, Ermənistanın 30 illik işğalının acı nəticələrindən söz açaraq işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən danışıb, Azərbaycanın Avropa ilə Asiyanın arasına yalnız coğrafi deyil, həm də mədəni-mənəvi körpü funksiyasına malik ölkə olduğunu vurğulayıb. O, Azərbaycanın APA ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirərək, təşkilatın Asiya dövlətləri qarşısında duran ümumi problemlərin həllində əhəmiyyətli rolundan danışıb, bu komitənin Bakıdakı iclasında qəbul olunacaq qərarların Asiya coğrafiyasında bəşəri maraqlara, ortaq dəyərlərə xidmət edəcəyinə inamını ifadə edib.
Asiya Parlament Assambleyasının Baş katibi Muhammed Reza Məcidi komitənin fəaliyyəti və iclasda baxılacaq qətnamə layihələri barədə məlumat verib, həmçinin APA-nın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı fikirlərini açıqlayıb.
Baş katibin müavini Kia Tabatabaye gündəlikdəki “Asiyada qadın parlamentarilərin vəziyyəti” məsələsi ilə bağlı məlumat verərək təşkilatın üzvlərini bu məsələ ilə bağlı fikirlərini açıqlamağa dəvət edib.
Tədbirin davamında qətnamə layihələri nəzərdən keçirilib, layihələrə üzv dövlətlərin təqdim etdiyi düzəlişlərə baxılıb.
Eyni zamanda, Azərbaycan nümayəndə heyətinin təşəbbüskarı və müəllifi olduğu “Qadınlar üzrə Komissiya haqqında” qətnamə layihəsi barədə Azərbaycanın APA-dakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva məlumat verib. O, Komissiyanın yaradılmasının önəmini vurğulayıb və bildirib ki, yeni struktur real olaraq təşkilatın fəaliyyətini canlandıracaq, effektivliyini artıracaq, Asiya ölkələrində qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasına əhəmiyyətli töhfə verəcək.
İclasda nümayəndə heyətlərinin rəhbərləri, üzvləri və digər iştirakçılar çıxış ediblər, tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycana və onun parlamentinə təşəkkür ediblər. Çıxışçılar gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.
Daimi komitə müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edib, o cümlədən Azərbaycanın irəli sürdüyü “Qadınlar üzrə Komissiya haqqında” qətnamə layihəsini təsdiqləyib.
İclasda Milli Məclisin deputatları, Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvləri Aydın Hüseynov, İlham Məmmədov, Anar Məmmədov, üzv ölkələrin nümayəndə heyətləri və digər rəsmi şəxslər iştirak ediblər.