Müzəffər Ali Baş Komandanımız İlham Əliyev sentyabrın 20-də xalqa müraciət edərək Qarabağ bölgəsində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin səbəb və məqsədləri barədə geniş məlumat vermiş, eləcə də əldə olunmuş nəticələri, düşmənin cəmi 1 gün davam edən antiterror tədbirlərindən sonra ağ bayraq qaldıraraq təslim olmasını böyük qürur və fəxr hiss ilə xalqımızla bölüşmüşdür. Xalqa müraciətində cənab Prezidentin Ordumuzun üzərinə düşən vəzifəni şərəflə yerinə yetirməsi, əsgərlərimizin peşəkarlığı, yüksək döyüş ruhu ilə bağlı səsləndirdiyi fikirlər xalqımıza milli qürur hissi yaşatmışdır.
Vətən Müharibəsindəki tarixi Zəfərimizdən sonra cənab Prezident hər fürsətdə bildirirdi ki, Ordumuzun peşəkarlığı, dövlətimizin müdafiə gücü daha da artırılmalıdır. Qeyd edim ki, cari ilin dövlət büdcəsinə edilən əlavələrin də əsas hissəsi məhz ölkəmizin müdafiə xərclərinin artırılmasına yönəldilmişdir. Cəmi 1 gün davam edən antiterror tədbirləri göstərdi ki, Ordumuzun peşəkarlığı, texniki imkanları, ordu quruculuğunun hər zaman diqqət mərkəzində saxlanılması və müdafiə xərclərinin artırılması Ordumuzun bu vəzifəni şərəflə və qısa müddətdə yerinə yetirməsinə şərait yaratdı.
İkinci Qarabağ Müharibəsi başa çatandan sonra Azərbaycan dəfələrlə Ermənistana və qanunsuz xunta rejiminə öz xəbərdarlığını etmişdir. Azərbaycan dəfələrlə Ermənistan rəhbərliyinə, eləcə də onun xaricdəki havadarlarına və bütün dünya ictimaiyyətinə müraciət edərək bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır. Cənab Prezident dəfələrlə bildirmişdir ki, Azərbaycan öz ərazisində hər hansı qondarma rejimin və onun silahlı birləşməlirinin qalması ilə qətiyyən razılaşmayacaq. 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın ən mühüm şərtlərindən biri də o idi ki, erməni silahlı qüvvələri Azərbaycan Respublikası ərazilərindən çıxarılmalıdır. Kapitulyasiya aktına imza atan Ermənistan özü də artıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyırdı.
Lakin sülhə və sabitliyə hər zaman böyük əngəl olan, bölgədə münaqişə ocaqları yaradan Ermənistan Üçtərəfli Bəyanatın müddəalarını tam yerinə yetirməyərək bu dəfə də regionda sabitliyi pozurdu. Ən əsası odur ki, qanunsuz erməni hərbi birləşmələrinin mövcudluğu vətəndaşlarımızın həyatı və sağlamlığı üçün böyük təhlükə mənbəyi olaraq qalırdı. Xüsusən, ermənilərin törətdiyi mina terroru, mülki obyektlərin, mülki təyinatlı yolların minalanmaqda davam etməsi nəinki hərbçilərimiz, mülki vətəndaşlarımız arasında itkilərə səbəb olurdu. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuş və ya ağır yaralanmışdır. 19 sentyabr tarixində erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində 6 Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşdur ki, yenə də onlardan ikisi mülki şəxs idi. Belə bir vəziyyətdə vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək və bütün ölkə ərazisində Konstitusion quruluşumuzu bərqərar etmək üçün Qarabağ bölgəsində antiterror tədbirlərinin başlanılması labüd idi.
Lokal xarakterli antiterror tədbirlərinin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Ərazilərimizdə qanunsuz yerləşdirilmiş silahlı birləşmələrin böyük hissəsi tamamilə məhv edildi, hərbi texnika məhv edildi, sıradan çıxarıldı və ya təslim edildi və nəticədə qanunsuz silahlı birləşmələr artıq bizim şərtlərimizi qəbul etməyə hazır oldular.
Antiterror tədbirləri zamanı cənab Prezidentin hərbi birləşmələrimizə verdiyi ən ciddi tapşırıq o idi ki, Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Bu tapşırıq Ordumuz tərəfindən məsuliyyətlə yerinə yetirilmiş, mülki əhali və infrastruktur obyektləri qətiyyən hədəf alınmamış, yalnız legitim hərbi hədəflər sıradan çıxarılmışdır.
.Bundan sonra danışıqlar və birbaşa dialoq yolu ilə lazımi addımlar atılacaq. Artıq dünən Yevlax şəhərində Qarabağ ermənilərinin nümayəndələri ilə görüş baş tutmuşdur. Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycanda yaşayan bütün millətlər cəmiyyətimizin ayrılmaz tərkib hissəsi kimi və bərabərhüquqlu xalq kimi yaşayıb, bu millətlər hər zaman bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə yanaşıb və heç bir ayrıseçkiliyə məruz qalmayıb. Azərbaycan demokratik dövlətdir, demokratik cəmiyyətdir. Vicdan azadlığı, milli mənsubiyyət hüququ, ana dilindən istifadə hüququ ölkəmizdə Konstitusiya səviyyəsində təsbit edilmiş hüquqlardır. Qarabağda yaşayacaq ermənilərin də bütün hüquqları, o cümlədən təhsil, mədəniyyət, dini hüquqları, seçki hüquqları təmin ediləcək. İşğaldan azad olunmuş bütün ərazilərimizdə olduğu kimi, ermənilər yaşayan ərazilərdə də rayon və şəhərlərimiz yenidən qurulacaq və inkişaf edəcək.
Qarabağda yaşayan erməni əhali üçün, eləcə də bütün Cənubi Qafqaz regionu üçün sülhə nail olmaq, əsrlər boyu davam edən münaqişələrə son qoymaq baxımından tarixi şans yaranmşdır. Dövlətimizin, Prezidentimizin humanist təklifləri, danışıqlar və dialoq yolu ilə bu tarixi fürsəti reallığa çevirəcəyik və regionumuzda davamlı sülhə nail olacağıq. Cənubi Qafqazda yeni reallıq yaradan cənab Prezident İlham Əliyev, regionda daimi sülhün yarananmasının da təminatçısı olacaq.
Antiterror tədbirləri zamanı həyatını itirən bütün şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgərlərimizə şəfa diləyirəm. Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbimində əbədi yaşayacaqdır.
Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin
sədri Ziyafət Əsgərov