
Sentyabrın 28-də gənclərin maarifləndirilməsi məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri ilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş keçirilib.
Rezonans.az xəbər verir ki, Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü ilə baş tutan və “#KarabakhTalks” müzakirələr platforması çərçivəsində keçirilən görüşdə Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, eləcə də ADPU-nun professor-müəllim heyəti və 400-ə yaxın tələbəsi iştirak edib.
İlk olaraq Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədən sonra qarşımızda duran əsas vəzifələrdən danışıb.
Bu sahədə gənclərin və tələbələrin üzərinə də böyük məsuliyyət düşdüyünü deyən rektor, Qarabağın bərpası ilə bağlı aparılan müzakirələrdə və keçirilən tədbirlərdə tələbələrin də fəal iştirak etmələrinin təqdirəlayiq hal olduğunu söyləyib.
Fondu daha öncə Bakı Ali Neft Məktəbində (BANM), Bakı Dövlət Universitetində (BDU), Azərbaycan Dillər Universitetində (ADU) və Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) gənclər və tələbələrin iştirakı ilə maarifləndirici görüşlər keçirib.
Analoji görüşlərin digər təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur.