Xarici işlər naziri Hakan Fidan Ankarada terror aktı törədən 2 terrorçu ilə bağlı yeni məlumatların üzə çıxdığını, terrorçuların Suriyadan gəldiyini və kimliklərinin müəyyən edildiyini bəyan edib.
Rezonans.az xəbər verir ki, nazir Fidan Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (KKTC) xarici işlər naziri Tahsin Ərtoğruloğlu ilə birgə mətbuat konfransında çıxış edib.
Türkiyənin terrorla mübarizədə mövqeyinin bəlli olduğunu bildirən Fidan deyib: "İraq və Suriyada PKK və YPG-yə məxsus bütün infrastruktur və üst quruluş obyektləri Türkiyə təhlükəsizlik, silahlı qüvvələr və kəşfiyyatının qanuni hədəfləridir. İnsanları PKK/YPG obyektlərindən və şəxslərdən uzaq durmağı tövsiyə edirəm".
Xarici işlər naziri əlavə edib ki, Türkiyə Silahlı Qüvvələrinin terror aktına cavabı aydın olacaq və separatçı terror təşkilatı PKK/YPG bu hərəkətlərinə görə peşman olacaqlar.
Qeyd edək ki, oktyabrın 1-də Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayış baş verib. Hadisə nəticəsində bir neçə polis əməkdaşı yaralanıb.