
Məlumdur ki, Gürcüstanla tarixən mehriban qonşuluq şəraitində yaşanılıb. Bu qonşuluq həmişə ehtiramla davam etdirilib. Münasibətlər bir-birinin ərazi bütövlüyünə, mədəniyyətinə, incəsənətinə, milli mentalitetinə hörmətlə yaşadılıb. Qeyd edək ki, Azərbaycanla Gürcüstan arasında dostluq münasibətləri həm də bu iki respublikanın liderlərinin dostluğunun, onların dostluğu bu iki respublikanın dost münasibətlərinin zəmanəti olub.
Yeri gəlmişkən, oktyabrın 8-də Tbilisidə işgüzar səfərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Sovet dövründə onlar bir-biri ilə sıx təmasda idilər və o vaxt sovet Gürcüstanının, sovet Azərbaycanının rəhbərləri kimi xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstərmişdilər. Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı, cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır”. Bu səfər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstana sayca 11-ci səfəridir. Bundan əvvəl ötən il oktyabrın 24-də dövlətimizin başçısı Gürcüstanda (Mçxetada) işgüzar səfərdə olub. Eyni zamanda, bu il aprelin 7-də Gürcüstanın Baş naziri İ.Qaribaşvili ölkəmizə (Qəbələyə) işgüzar səfər edib. Bu iki səfər Azərbaycan Prezidentinin və Gürcüstan Baş nazirinin görüşlərinin müntəzəmliyini artırıb, səfərlərin paytaxtlara deyil, bölgələrə keçirilməsi kimi yeni bir ənənə yaradıb. Dünya ictimaiyyəti bu səfərlərin həm də mənəvi bağlılığın nəticəsi kimi qəbul edəcəkdir. Hər görüş bu və ya digər məsələyə dair müəyyən informasiya da verir, ona aydınlıq da gətirir, gələcək perspektivlərin konturlarını da müəyyənləşdirir. SSRİ dağıldıqdan sonra bu və ya digər respublikada müəyyən səbəblərdən ərazi problemi yarandı, əslində, bu problem yaradıldı. Eyni mahiyyətli problemlərin həlli istiqamətində müəyyən fəaliyyətlər olub. Azərbaycan bu problemi ordusunun gücü, qüdrəti ilə həll etdi. Bu baxımdan Azərbaycanın mövqeyi dəyişməz olaraq qalacaqdır. Azərbaycan Respublikasının Prezidenti bu mətləbi belə ifadə etdi: “Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə hər iki dövlət bir-birini dəstəkləyib. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır, “Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalar aparılır. Əgər buna nail olsaq, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu və s”, “Bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi”.
Məlum olduğu kimi, Tbilisidə işgüzar səfərdə iki dövlət arasında münasibətlərin tərkib hissəsi kimi iqtisadi münasibətlərə də toxunulub. Bu, müstəqilliyin ilk vaxtlarından üzü bu yana daha da inkişaf etdirilən iqtisadi siyasətin uğurlarındandır. Cənab İlham Əliyev bu uğurların davamlı olacağını əminliklə bildirdi. Bu əminlik qarşılıqlı etimadın əminliyidir, bir-birinin daxili və xarici siyasətinə ehtiramın əminliyidir, ərazi bütövlüyünün toxunulmazlığına etibarın əminliyidir: “Əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik vardır. Azərbaycan böyük məmnuniyyətlə Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak edə bilər. Anakliya limanı və Kulevi limanı əməkdaşlığımızı daha da gücləndirəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək”.
Onu da qeyd edək ki, Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi var. BMT Baş Assambleyasının 2020-ci il sentyabrın 3-də, 2021-ci il iyunun 17-də, 2022-ci il iyunun 8-də keçirilmiş sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyada (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə” qətnamələrə dair səsvermə zamanı Azərbaycan sözügedən sənədin lehinə səs verib. Bu, Gürcüstana siyasi münasibətin ifadəsi kimi tarixləşib.
Ən əsası, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 8-də Tbilisidə işgüzar səfəri Azərbaycan-Gürcüstan münasibətlərinin daha da inkişaf etdirilməsində əhəmiyyətli olacaq.
Vüsal Məmmədov,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl Suvarma Sistemlər İdarəsi ərazi partiya təşkilatının fəal üzvü