Hörmətli həmkarlar,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyi möhtəşəm işlərlə xalqımızın dərin hörmət və məhəbbətini qazanmışdır.
Son iyirmi il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olmuşdur. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilmişdir. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılmışdır. Bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başladığı və möhtərəm Prezident İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır.
İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə ölkə iqtisadiyyatı heyrətamiz inkişaf yolu keçmişdir. Bu inkişafın miqyası haqqında təsəvvür yaratmaq üçün təkcə bir faktı qeyd edim ki, Azərbaycanda istehsal olunan ümumi daxili məhsul 3,6 dəfə artmışdır.
Hörmətli deputatlar,
Milli Məclisdə biz hər il, bildiyiniz kimi, dövlət büdcəsini müzakirə və təsdiq edirik. İldən-ilə dövlət büdcəsinin gəlirləri və xərcləri əhəmiyyətli dərəcədə artır. İyirmi ilə yaxın dövrdə dövlət büdcəsinin gəlirləri iyirmi beş dəfədən çox, xərcləri isə iyirmi altı dəfə artmışdır.
Həyata keçirilən məqsədli sosial proqramlar sayəsində yoxsulluq səviyyəsi 5,5 faizə düşmüşdür. İnsanların rifah halı yüksəlmişdir. Əhalinin sosial cəhətdən həssas qruplarına dövlət tərəfindən müntəzəm dəstək göstərilir.
Hörmətli həmkarlar!
Qeyd edim ki, ölkəmizin iqtisadi yüksəlişi səriştəli rəhbərlik faktoru öndə olmaqla, bir sıra amillər ilə bağlıdır. Bununla əlaqədar mən bəzi məqamlara toxunmaq istəyirəm.
Məlumdur ki, Azərbaycan neft və qaz yataqları ilə zəngin bir ölkədir. Prezident İlham Əliyev ölkəmizin nəhəng enerji potensialından səmərəli istifadəni dövlət siyasətinin prioritet istiqamətinə çevirmişdir.
Ölkəmizin iqtisadi qüdrətinin artmasında karbohidrogen ehtiyatları mühüm rol oynayır. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli layihələr təkcə ölkəmizin deyil, həm də bütün Avrasiya məkanının enerji təhlükəsizliyinin qorunmasına kömək göstərir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, digər layihələr həm indiki, həm də gələcək nəsillərin firavanlığını təmin etməyə yönəlmişdir.
Ancaq iqtisadiyyat yalnız bir mənbənin hesabına uzun müddət inkişaf edə bilməz. Məhz buna görə də dövlət başçısı neft və qazdan asılılığın azaldılması, ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün düşünülmüş tədbirlər həyata keçirmişdir. Qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının, turizmin, informasiya texnologiyalarının və digər sahələrin dəstəklənməsi üçün məqsədyönlü proqramlar icra olunmuşdur. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, son iki ildə ümumi daxili məhsulda qeyri-neft sektorunun payı altmış dörd faiz olmuşdur.
Hörmətli deputatlar!
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təmin edilən siyasi və iqtisadi sabitlik, əlverişli biznes mühiti istənilən layihənin uğurla reallaşmasını təmin edir. Ötən dövrdə ölkəmizin iqtisadiyyatına milyardlarla ABŞ dolları məbləğində investisiya qoyulmuşdur. Eyni zamanda, Azərbaycan özü də bir sıra regional və qlobal layihələrdə sərmayəçi kimi çıxış etmişdir.
Onu da qeyd edim ki, həyata keçirilən infrastruktur layihələri ölkəmizi regionun nəqliyyat-kommunikasiya mərkəzinə çevirmişdir. Bu isə tarixən Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırmışdır.
Hörmətli həmkarlar!
2013-cü ildən bəri Azərbaycan kosmik klubun üzvüdür. Qeyd etmək yerinə düşər ki, dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan Beynəlxalq Astronavtika Konqresi əlli ildən sonra bu günlərdə ikinci dəfə Azərbaycanda keçirilmişdir.
Bu hadisə ilk növbədə dövlət başçısı İlham Əliyevin liderliyinə göstərilən ehtiramın ifadəsi olmuşdur.
Hörmətli həmkarlar!
Möhtərəm Prezidentin təşəbbüsü və rəhbərliyi ilə dövlət həyatının bütün sahələrində sistemli islahatlar həyata keçirilmişdir. Ölkəmizin siyasi sistemi təkmilləşdirilmişdir. Altıncı çağırış Milli Məclisin və onun komitələrinin rəhbərliyində hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı, müxalif partiyaların nümayəndələri də təmsil olunmuşlar. Hakimiyyətin müxtəlif qolları arasında əməkdaşlıq əlaqələri daha da möhkəmlənmiş, iqtidarla müxalifət arasında müntəzəm dialoq qurulmuşdur.
Hörmətli deputatlar!
Prezident İlham Əliyev insan kapitalının inkişafına daim qayğı göstərir. Milli-mənəvi dəyərlərin qorunması, elm və təhsilin, mədəniyyət və incəsənətin inkişafı diqqət mərkəzində saxlanılır.
İlham Əliyevin rəhbərliyi ilə qanunun aliliyinə, insan hüquqlarının və azadlıqlarının qorunmasına əsaslanan inklüziv cəmiyyət formalaşdırılmışdır. Ölkəmizdə dərin tarixi kökləri olan tolerantlıq və multikulturalizm ənənələri daha da inkişaf etdirilmişdir. Milli həmrəyliyin möhkəmləndirilməsi, dünya azərbaycanlıları ilə əlaqələrin gücləndirilməsi, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın hüquqlarının qorunmasına kömək göstərilməsi dövlət siyasətinin mühüm istiqamətlərinə çevrilmişdir.
Hörmətli deputatlar!
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq nüfuzunu daha artırmışdır. Bu gün ölkəmiz qlobal dialoqda fəal iştirak edir. Dünya dövlətləri ilə münasibətlərdə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan sanballı sözü və ardıcıl mövqeyi olan bir dövlət kimi tanınır.
Prezident İlham Əliyevin xarici siyasətinin uğurlarından danışarkən xüsusi qeyd edilməlidir ki, Azərbaycan 2012–2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmuş, 2019–2022-ci illər üçün dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına sədr seçilmiş və sədrlik müddəti daha bir il uzadılmışdır.
Möhtərəm İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması təşkilatın institusional inkişafında mühüm rol oynayan hadisələr olmuşdur. Hazırda hərəkatın qadınlar platformasının yaradılması üzərində də iş aparılır.
Hörmətli deputatlar!
Prezident İlham Əliyevin hərbi quruculuq siyasəti nəticəsində müasir dövrün ən yüksək standartlarına cavab verən silahlı qüvvələr yaradılmışdır. Qarabağı və Şərqi Zəngəzuru heç vaxt görməyən, ancaq doğma torpaq yolunda canından keçməyə hazır olan gənc nəsil yetişdirilmişdir.
Bu isə xalqımızın və dövlətimizin müqəddəratı ilə bağlı olan ən mühüm problemi həll etməyə imkan vermişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik məharəti və Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi və rəşadəti, yüksək hərbi-texniki və mənəvi-psixoloji hazırlığı 44 günlük Vətən müharibəsində tarixi qələbəni təmin etmişdir.
30 ilə yaxın Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqları azad edilmiş və Ulu Öndər Heydər Əliyev tərəfindən başladılmış tarixi missiya layiqincə sona çatdırılmışdır. Dünya miqyasında az sayda liderə nəsib olan möhtəşəm Zəfərə imza atmaqla cənab İlham Əliyev öz adını Azərbaycan tarixinə əbədi həkk etmişdir.
Hörmətli həmkarlar!
Azərbaycan dövlətinə qarşı təhdidlərə son qoymaq üçün Ali Baş Komandanın rəhbərliyi ilə bu il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri hərb tariximizin yeni şanlı səhifəsini təşkil etmişdir.
Azərbaycan ərazisində qanunsuz qalan Ermənistan silahlı birləşmələri və terrorçu qruplar darmadağın edilmiş, Ermənistanın dəstəyi ilə yaradılan kriminal xunta rejiminin fəaliyyətinə son qoyulmuşdur. Bu gün biz qürurla söyləyirik ki, Azərbaycan Prezidentinin siyasi iradəsi və qətiyyəti sayəsində Azərbaycanın suverenliyi onun bütün ərazisində bərpa edilmişdir.
Hörmətli həmkarlar!
Qarabağı könüllü şəkildə tərk etmək istəyən erməni sakinlərin bu torpağı hansı şəraitdə tərk etdiyini hamımız müşahidə etdik, dünya da görüb yəqin edə bildi. Hesab edirəm ki, bütün bunlar Azərbaycan xalqına xas olan və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə təcəssümünü tapan humanizm və mərhəmətin bariz ifadəsidir.
Onu da qeyd edim ki, Qarabağ ərazisində qalan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün lazımi tədbirlər görülür. Bununla yanaşı, Azərbaycan dövləti Ermənistan Respublikası ilə münasibətlərin normallaşdırılması və bölgədə əmin-amanlıq yaradılması üçün sülh danışıqlarını davam etdirməyə hazırdır. Bunu dövlət başçısı son çıxışlarında bir daha bəyan etdi.
Hörmətli deputatlar,
Möhtərəm İlham Əliyevin rəhbərliyi ilə xalqımız Vətən müharibəsində və antiterror tədbirlərində göstərdiyi hünərləri Qarabağda və Şərqi Zəngəzurda geniş vüsət alan bərpa və quruculuq işlərində də nümayiş etdirir.
İşğal dövründə viran qoyulmuş torpaqlarımıza yeni həyat gəlir. Qarabağ və Şərqi Zəngəzur gözlərimiz önündə çiçəklənən diyarlara çevrilir. İnamla söyləmək olar ki, tezliklə bütün köçkün soydaşlarımızın yurd həsrətinə son qoyulacaq.
Hörmətli həmkarlar!
Bu gün Azərbaycan öz tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti daimi tərəqqi və yüksəlişi gündəlik həyatımızın reallığına çevirmişdir.
Biz əminik ki, cənab İlham Əliyevin müstəsna liderlik keyfiyyətləri, siyasi məharəti və səriştəsi qarşıya qoyulan vəzifələri bundan sonra da uğurla yerinə yetirməyə imkan yaradacaq. Azərbaycan qarşıdakı illərdə daha böyük nailiyyətlərə imza atacaq, dünyanın sayılıb-seçilən dövlətləri sırasında öz yerini daha da möhkəmləndirəcək.
Biz möhtərəm Prezidentə tarixi missiyasını həyata keçirməkdə yeni böyük uğurlar arzulayırıq. Əmin etmək istəyirik ki, cənab İlham Əliyevin bu missiyasını qanunvericilik fəaliyyəti sahəsində dəstəkləmək üçün Milli Məclis öhdəsinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək.
Diqqətinizə görə çox sağ olun !