“Dayanıqlı inkişafın təmin olunması Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioritetidir”

img

“Ölkə tarixinin ən önəmli hadisələrindən biri də məhz 2003-cü ildə keçirilən prezident seçkiləridir. Çünki bu tarixdə xalq Ulu Öndərin siyasi kursunu davam etdirəcək yeni liderə ölkənin gələcək müqəddəratını həvalə edəcəkdi. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş prezident seçkilərində seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs verməklə Azərbaycan tarixində yeni bir uğurlu səhifənin başlanğıcını qoydu”.


Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin  deputat Vüqar İskəndərov deyib. 


“Prezident İlham Əliyev elə ilk günlərdən Ulu öndərin siyasi kursuna sadiqlik nümayiş etdirməklə ölkənin gələcək inkişaf perspektivlərini müəyyənləşdirdi. Dayanıqlı inkişafın təmin olunması Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioritetidir. Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Əlbəttə 20 il ərzində cənab prezidentin həyata keçirdiyi məqsədyönlü siyasət və onun nəticəsi ilə bağlı nə qədər də danışsaq bunu bitirmək olmaz. Çünki Azərbaycan hazırda elə bir mərhələyə çatıb ki, tarix boyu heç vaxt ölkəmiz bu qədər güclü olmamışdı. Həm də yalnız birtərəfli inkişaf deyil, hər cəhətdən ölkəmiz dünyada adından söz etdirə bilir. İstər hərbi, istər iqtisadi, istər siyasi və s. istiqamətlərdə Azərbaycan regionun lider dövləti olub. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapıb. Ötən dövr ərzində insanların rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib”.

Xəbəri paylaş: