Mədəniyyət paytaxtımız Şuşa şəhəri son vaxtlar nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Şuşa şəhərinə gələn dünyanın nüfuzlu ictimai siyasi xadimləri ermənilərin törətdiyi vandalizmi öz gözləri ilə görür, eləcə də yenidən qurulan Şuşa ilə yaxından tanış olurlar. 10 oktyabr tarixində Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirildi.
Prezident cənab İlham Əliyev tədbirə ünvanladığı məktubda işğaldan azad edilmiş torpaqlarımızda geniş miqyaslı yenidənqurma və bərpa işləri, Azərbaycanın regionda sülhün yaranması üçün böyük təşəbbüslər göstərməsi, eləcə də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşən Azərbaycanda bu sahədə aparılan böyük infrastruktur layihələrin reallaşdırılması barədə məlumat verdi. Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatların, o cümlədən İƏT nın ən fəal ölkələrindən biridir. İƏT Cənubi Qafqaz bölgəsinin iqtisadi potensialından səmərəli istifadə, region dövlətləri arasında iqtisadi, nəqliyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsinə töhfə verə biləcək imkanlara malikdir. Ölkəmiz İƏT ilə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə tərəfdardır. Təşkilat da iqtisadi sahədə böyük uğurlar qazanan Azərbaycanla əməkdaşlıq etməyə böyük maraq göstərir. Şuşa şəhərinin 2026- cı il üçün İƏT nın turizm paytaxtı elan edilməsi əlamətdar hadisədir.
Azərbaycan 30 illik işğala son qoyaraq torpaqlarımızı işğaldan azad etdi. Prezident cənab İlham Əliyevin qətiyyətli, prinsipial və uzaqgörən siyasəti nəticəsində ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik. Bu gün Azərbaycan bölgədə sülhün, əmin-amanlığın bərpa edilməsi üçün böyük səy göstərir. Regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi ən optimal variant olduğundan Prezident cənab İlham Əliyev 3+3 əməkdaşlıq formatının yaradılmasını irəli sürmüşdür. Bu formatın reallaşdırılması üçün əlverişli tarixi şərait yaranmış, bölgədə sülhün bərqərar olmasına böyük töhfə verə bilər.
Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat qovşağının mərkəzində yerləşir. Azərbaycan dövlətinin təşəbbüsü ilə inşa edilmiş Bakı-Tbilisi-Qars dəmiryol xətti şərqdən qərbə daşınan yüklərin zaman etibarı ilə tez çatdırılması ilə yanaşı iqtisadi səmərəsi də əhəmiyyətlidir.
Azərbaycan dövləti İran İslam Respublikası ilə İran ərazisindən keçməklə Naxçıvana avtomobil və dəmiryolunun çəkilməsi barədə razılığa gəlib. Azərbaycan Şimal - Cənub Nəqliyyat Dəhlizinin də ötürücülük qabiliyyətinin genişləndirilməsi üzərində fəal çalışır. Azərbaycan etibarlı tərəfdaş ölkə olaraq bütün nəqliyyat loqistika infrastrukturunun qapılarının İƏT ölkələri üçün tam açıq olduğunu bəyan etmişdir. Prezident cənab İlham Əliyevin apardığı siyasət Azərbaycanla yanaşı bütün dövlətlərin iqtisadi cəhətdən inkişaf etməsinə yönəlmişdir.
Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor