Azərbaycan üzv olduğu keçmiş sovet respublikalarının təmsil olunduğu MDB nin ən fəal dövlətlərindəndir. Təşkilata üzv dövlətlər arasında bütün istiqamətlər üzrə, eləcə də təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx əməkdaşlıq mövcuddur.
Prezident cənab İlham Əliyev MDB yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşdə çıxış edərək azərbaycanlıların qədim yurd yeri olan Qarabağın tarixi, ikinci Qarabağ müharibəsinin baş vermə səbəbləri və müharibədən sonra Ermənistanın və Qarabağdakı separatçıların törətdikləri hərbi təxribatlar barədə məlumat verdi. Tarixi arxiv sənədləri və aparılan qazıntılar zamanı tapılan əşyalar, qəbirüstü daş abidələr üzərindəki yazılar da minilliklər, əsrlər əvvəl Qarabağın azərbaycanlıların yurd yeri, yaşadıqları ərazi olduqlarını sübut edir. 1805- ci ildə Rusiya imperiyasının tərkibində olan Qarabağın xanı İbrahim Xəlil xan ilə Rusiya tərəfindən Çar generalı Sisyanov arasında imzalanan Kürəkçay sülh müqaviləsində ermənilərin hüquqları haqqında heç bir bənd olmamışdır. Yalnız XIX əsrdə Çar Rusiyası tərəfindən İrandan və Şərqi Anadoludan erməni əhalisi Qarabağa köçürülmüşdür. Sonradan SSRİ rəhbərliyi Qarabağda Dağlıq Qarabağ Muxtar Vilayətini yaratdı. Ötən əsrin 80- ci illərinin sonlarından Qarabağdakı separatçı qüvvələr daha da fəallaşdılar və Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli sürməyə başladılar və nəticədə Qarabağ və 7 rayonumuz Ermənistan tərəfindən işğal edildi.
Prezident cənab İlham Əliyev siyasi və iqtisadi cəhətdən güclü dövlət, müasir, qüdrətli ordu yaratdı. Ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə torpaqlarımızı işğaldan azad etməklə beynəlxalq hüququ da bərpa etdi. Bu ilin sentyabrın 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri uğurla başa çatdırıldı. Bununla da Qarabağda separatizmin kökü kəsildi. Özlərini Qarabağda "Prezident", "Baş nazir" adlandıran separatçılar həbs edilərək əli qandallı Bakıya gətirildi. Bu gün Azərbaycan bütün Qarabağ ərazisində öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etmişdir. Prezident cənab İlham Əliyev çıxışında Ermənistandakı revanşist qüvvələrə havadarlıq edən Fransa hakimiyyətinin Azərbaycana qarşı sərgilədiyi yalan və iftiralar ölkəmizə qarşı qəbul etdiyi təxribat xarakterli qətnamələr barədə də məlumat verdi. Bu həmin Fransa dövlətidir ki, ölkələrə qarşı hər zaman müstəmləkəçilik siyasəti həyata keçirib, xalqlara qarşı soyqırım törədib. Bu cür dövlətin Azərbaycanı beynəlxalq hüququ pozmaqda və insan hüquqlarına hörmət etməməkdə günahlandırması gülüncdür. Vətən müharibəsini və antiterror tədbirləri Azərbaycan öz ərazisində keçirmişdir. İstər Vətən müharibəsində, istərsə də antiterror tədbirləri zamanı Azərbaycan Ordusu mülki obyektlərə, dinc əhaliyə zərər vurmamışdır. İki dəfə Qarabağa səfər edən BMT nin müşahidəçi missiyası da Azərbaycan Ordusunun sosial infrastruktura, dinc əhaliyə qarşı zərər verə biləcək hərəkət etmədiyini vurğulamışdı.
Ölkə başçımız Ermənistanla münasibətlərin normallaşması üçün ikitərəfli danışıqlara hazır olduğunu və bunun ən optimal variant olduğunu vurğulamışdı. Təəssüflər olsun ki, Ermənistan rəhbərliyi Qərbdəki havadarlarının təsirindən çıxıb Azərbaycanla sülh sazişi imzalamağa cürət etmir. Ermənistan və onun havadarları bilməlidilər ki, Azərbaycan sülhün, humanizmin, əmin-amanlığın tərəfdarıdır, buna baxmayaraq Azərbaycanla təhdid və təxribat dili ilə danışmaq istəyənlər lazımi cavablarını alacaqlar.
Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor