
Aprelin 29-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ADA Universitetində keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı konfransda iştirakı, çıxış etməsi və sualları cavablandırması dünyanın beyin mərkəzlərinin nümayəndələrinə Azərbaycanın müharibədən sonrakı dövrə baxışını və gələcək planlarını birbaşa ölkənin birinci şəxsinin özü tərəfindən çatdırılması baxımından önəmli hadisə kimi qiymətləndirilməlidir.
Çünki beyin mərkəzlərinin ekspertlərinin rəyləri və hazırladıqları hesabatlar dövlətlərin xarici siyasətinin formalaşdırılmasında və müvafiq xəttin yürüdülməsində nəzərə alınır.
Prezident İlham Əliyev tədbir zamanı regionda sülh gündəliyinin yaradılması mövzusunu vurğuladı. Prezident qeyd etdi ki, sülh gündəliyi Ermənistanla münasibətlərin normallaşdırılması baxımından olduqca önəmlidir. Amma əlavə etdi ki, belə bir gündəliyin formalaşdırılması təkcə Azərbaycan-Ermənistan münasibətlərini deyil, bütün Cənubi Qafqaz regionunu əhatə etməlidir. Azərbaycanın təklif etdiyi sülh gündəliyi və təşəbbüslər bölgədə əməkdaşlıq və inkişaf üçün yeni imkanların reallaşdırılmasını nəzərdə tutur. Artıq Ermənistan hökumətinin də sülh gündəliyini elan etməsini və müvafiq bəyanatlar verməsini Prezident İlham Əliyev olduqca müsbət addımlar kimi dəyərləndirdi. Sülh gündəliyinin yaradılması və həyata keçirilməsi ilə iqtisadi inkişaf arasındakı üzvi əlaqəni ölkə başçısı İlham Əliyev lakonik və dolğun şəkildə belə ifadə etdi: “Biz sülh gündəliyinə və iqtisadiyyata diqqətimizi ayırmalıyıq ki, hər il milyardları silah alınmasına yox, iqtisadi inkişafa yönəldək.”
Sülh gündəliyi ilə bağlı çağırışlardan biri də hər iki ölkədə bu məsələyə ictimai dəstəklə əlaqədardır. Çünki münaqişə və müharibə faciələr, itkilər, dağıntılar deməkdir. Bu yaralar isə həm Ermənistan, həm də Azərbaycan cəmiyyətində təzədir və sağalmayıb. Bu baxımdan cəmiyyətdə sülh gündəliyini təşviq etmək və ictimai dəstək qazanmaq məsuliyyəti ölkə liderlərinin üzərinə düşür.
Prezident İlham Əliyev konfrans iştirakçılarının diqqətini sülh gündəliyinin bu aspektinə də çəkdi və bildirdi ki, strateji gələcəyimiz naminə, sülh naminə insanlarımızı inandırmalıyıq.
Azərbaycanın qonşu ölkələrlə münasibətlərinin yüksək səviyyədə olması sülh gündəliyinin həyata keçirilməsi üçün əlverişlidir. Belə ki, Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərinə dair Şuşa bəyannaməsi iki ölkənin faktiki olaraq formalaşmış müttəfiqliyini rəsmiləşdirdi. Moskva bəyannaməsi isə İkinci Qarabağ müharibəsinin başa çatdırılmasında fəal iştirak edən Rusiya ilə münasibətlərimizin inkişafını nəzərdə tutur. Bundan əlavə, digər qonşu ölkələr olan Gürcüstan və İranla münasibətlərimiz yaxşıdır. Xüsusən Azərbaycan-Gürcüstan münasibətləri Ermənistan üçün nümunə olmalıdır. Gürcüstan Azərbaycanla tərəfdaşlıq münasibətlərindən bəhrələnir, bir çox transmilli layihələrdə, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmiryolu layihələrində yaxından iştirak edir. Ermənistan isə regional layihələrdən təcrid olunub, inkişafdan geri qalıb. Halbuki Cənubi Qafqazda sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın da inkişafı üçün zəruridir. Çünki bu Ermənistanı silahlanmaya sərf etdiyi vəsaitləri ölkənin düşdüyü bataqlıqdan çıxmasına sərf etməyə, tam regional inkişafdan faydalanmağa kömək edər. Eləcə də Qarabağda yaşayan erməni əhalisi Azərbaycan vətəndaşları kimi daha yaxşı həyat yaşamaq imkanları əldə edərlər. Sülh gündəliyinin həyata keçirilməsindən imtina isə Ermənistanın düşdüyü bataqlıqdan xilas olmasını mümkünsüz edəcək.