Milli maraqlarımız nəzərə alınmaqla MDB çərçivəsində əməkdaşlıq Azərbaycan üçün çox əhəmiyyətlidir

img

Beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq ölkəmizin xarici siyasət kursunda xüsusi yer tutur. Ərazi bütövlüyümüzü və suverenliyimizi tanıyan, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edən bütün benəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərimizi inkişaf etdiririk. Müstəqil Dövlətlər Birliyi (MDB) də Azərbaycanın sıx əlaqədə olduğu, eləcə də, ölkəmizin ilk üzv olduğu təşkilatlardan biridir. 24 sentyabr 1993-cü il tarixində MDB dövlət başçıları Şurasının iclasında Azərbaycanın MDB-yə daxil olmasına dair qərar qəbul olunmuşdur. MDB əsas məqsədi SSRİ dağıldıqdan sonra keçmiş ittifaq dövlətləri arasında faydalı əməkdaşlığı qorumaq olan, bərabərhüquqlu əlaqələrin yaranmasına xidmət etmək üçün fəaliyyət göstərən regional dövlətlərarası təşkilatdır. Müsair dövrdə də Təşkilatın əsas məqsədi iqtisadi, hərbi-siyasi və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə nail olmaqdır.


Ölkəmiz MDB-yə üzv olan  dost dövlətlərlə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə üstünlük verməklə yanaşı, MDB çərçivəsində əməkdaşlığı davam etdirməkdə və Təşkilatı müstəqil dialoq müstəvisi kimi saxlamaqda da maraqlıdır. Hazırda tarixə qovuşmuş, lakin 30 il ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə mövcud olan Azərbaycan-Ermənistan münqaşisə zamanı ölkəmizin MDB-yə daxil olması bizim üçün əhəmiyyətli olmuşdur. Ermənistan amilini nəzərə alan həm Ulu Öndər Heydər Əliyev, həm də cənab İlham Əliyev daim milli maraqlarımızdan çıxış edərək ölkəmizin maraqlarına cavab verməyən MDB sənədələrinə veto qoymuşdur. Azərbaycanın razılığı olmadan MDB münaqişənin həllinə mənfi təsir edə biləcək  heç bir sənəd qəbul etməmişdir.


İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında normallaşma imkanları, eləcə də bütün regionumuz üçün davamlı sülhün əldə edilməsi fürsəti artdığından düşünürəm ki, MDB ilə münasibətlərimiz bundan sonra daha da faydalı şəkildə inkişaf edəcək. İstənilən regionun inkişafı üçün davamlı sülhün əldə olunmasına nail olmaq böyük əhəmiyyət kəsb edir və regionun ümumi inkişafı ilk növbədə elə məhz bu amildən asılı olur. Regionumuzda böyük iqtisadi layihələrin, nəqliyyat-tranzit layihələrinin reallaşdırılması, yaşıl  enerji zonalarının genişləndirilməsi, digər enerji infrastrukturlarının yaradılması üçün real imkanların olduğu bir vaxtda davamlı sülh bizim üçün çox vacibdir. 


Cari ilin oktyabr ayında Azərbaycan MDB-nin iki mühüm tədbirində iştirak etmişdir. 11 oktyabr tarixində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclası Bakıda keçirilmiş, eləcə də 13 oktyabr tarixində cənab Prezidentin Bişkekdə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında iştirak etmişdir. 


Hazırda MDB çərçivəsində iqtisadi, ticarət, enerji, tranzit-nəqliyyat, elm, təhsil, səhiyyə, mədəniyyət, təhlükəsizlik sahələrində əlaqələrimiz yüksək səviyyədədir. Bişkekdə keçirilmiş  tədbirdə  Azərbaycanın 2025-ci ildə üçüncü MDB Oyunlarının keçirilməsi üzrə namizədliyi dəstəklənib. Bu bizim MDB  məkanında uğurlu  qarşılıqlı fəaliyyətimizin daha bir nümayişi olacaq. MDB-yə üzv olan dövlətlər nəqliyyat-logistika mərkəzinə çevrilmiş ölkəmizin tranzit imkanlarından fəal istifadə edirlər. İqtisadi əlaqələr də bizim üçün hər zaman diqqət mərkəzindədir.  Keçən il Azərbaycan ilə MDB ölkələri arasında əmtəə dövriyyəsinin həcmi təxminən 30 faiz artmışdır. 


Ölkəmizlə yanaşı, MDB-yə üzv olan qardaş türk dövlətləri Qazaxıstan, Qırğızıstan və Özbəkistanın uğurları da bizi sevindirir. Səmərqənd şəhəri 2024-cü ildə “Birliyin mədəniyyət paytaxtı” elan edilmişdir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev MDB-nin Fəxri Nişanı ilə təltif edilmişdir. Qırğızıstanın son dövrdəki sosial-iqtisadi inkişafı yüksək səviyyədədir. Qırğızıstanla əməkdaşlığı dərinləşdirmək məqsədilə Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu yaradılmışdır. Bir məqamı xüsusi qeyd edim ki, fenomenal xarici siyasət aparan Cənab Prezidentimiz Türk Dövlətləri Təşkilatı çərçivəsində türk dövlətləri ilə qurulmuş dostluq və qardaşlıq əlaqələrini MDB-yə üzv olan türk dövlətləri ilə MDB müstəvisində  yaradılmış əlaqələrlə mükəmməl şəkildə uyğunlaşdırmışdır. 


Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının nəticələri gələcəkdə Təşkilata daxil olan ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək. Əlbəttə, Azərbaycan hər zaman ilk növbədə öz milli maraqlarını rəhbər tutmaqla  MDB daxilində əməkdaşlığı inkişaf etdirməyə hazırdır. 



Milli Məclisin Müdafiə, təhlükəsizlik

və korrupsiya ilə mübarizə komitəsinin 

sədri Ziyafət Əsgərov

Xəbəri paylaş: