Milli Məclisin Elm və təhsil komitəsinin onlayn formatda növbəti iclası keçirilib

img

Oktyabrın 19-da Milli Məclisin Elm və təhsil komitəsinin onlayn formatda növbəti iclası keçirilib. Komitə sədri Bəxtiyar Əliyev gündəliyə üç məsələnin daxil edildiyini bildirib.


Rezonans.az xəbər verir ki, o diqqətə çatdırıb ki, iclasda “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli  Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında  dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və “Polis haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri müzakirəyə çıxarılıb. 


Bəxtiyar Əliyev gündəlikdəki məsələlər barədə məlumat verərək, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci və ikinci oxunuşda müzakirələri zamanı heç bir əlavə və təklifin daxil olmadığını söyləyib.


Sənədə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.


Sonra “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən komitə sədri bildirib ki, uyğunlaşdırma xarakteri daşıyan dəyişikliyə əsasən, layihəyə daxil olan “Elektron imza və elektron sənəd haqqında” qanuna təklif edilən dəyişiklikdə  “elektron sənəd” anlayışının tərifi yeni redaksiyada verilir. O, qeyd edib ki, layihədə elektron sənəd – elektron formada, o cümlədən mətn, səs, görüntü və ya audiogörüntü formasında saxlanılan kontent kimi müəyyən olunur.


Gündəlikdəki sonuncu məsələ - “Polis haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verən komitə sədri təklif edilən dəyişikliklərin uyğunlaşdırma xarakterli olduğunu söyləyib. 


O, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının ratifikasiyası ilə bağlı Cinayət Məcəlləsinə müvafiq dəyişikliklərin edildiyini bildirib. Buna uyğun olaraq, sənədə daxil olan “Ümumi təhsil haqqında” qanunun 27.2.5-ci maddəsində “və ya” sözlərindən sonra “cinsi” sözü əlavə edilir. Düzəlişə əsasən, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.


Müzakirələr zamanı çıxış edən komitənin sədr müavini Musa Qasımlı, üzvləri Aqiyə Naxçıvanlı, Anar İsgəndərov, Etibar Əliyev, Ceyhun Məmmədov təqdim olunan məsələlərin  əhəmiyyətini və aktuallığını qeyd ediblər.


Onlayn iclasın sonunda gündəlikdəki hər üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Tədbirdə komitə üzvləri Ülviyyə Ağayeva, Tamam Cəfərova, Kamilə Əliyeva, İsa Həbibbəyli, Pərvin Kərimzadə, Fatma Yıldırım və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbəri paylaş: