Yeni Koledoniyadan olan nümayəndə heyəti Milli Məclisə gəldi

img

Oktyabrın 21-də Milli Məclisdə Yeni Koledoniyadan olan nümayəndə heyətinin bir qrup deputatla görüşü keçirilib.

Rezonans.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev görüşdə neokolonizalizmin dünyaya gətirdiyi fəlakətlərdən danışıb.


O, Azərbaycanın Sakit okean dövlətlərinin, müstəmləkəçiliyə məruz qalan ölkələrin yanında olduğunu qeyd edib.


Bakı Təşəbbüs Qrupunun rəhbəri Ayxan Abbasov çıxışı zamanı sözügedən qurumun cari ilin avqustunda yaradıldığını xatırladıb. Onun sözlərinə görə, bu qısa müddət ərzində böyük işlər görülüb, 2 beynəlxalq tədbir keçirilib.

A.Abbasovun sözlərinə görə, keçirilən tədbirlərin əsas məqsədi məhz neokolonializmə qarşı mübarizədir.


Milli Məclisin deputatı Cavanşir Feyziyev isə vurğulayıb ki, BMT-nin qərarı ilə müstəmləkəçiliyin bütün dünyada ləğv olunmasına baxmayaraq, Fransa hələ də bu siyasətini davam etdirir.


Martinik nümayəndəsi Fransisk Karol da Fransanın neokolonializm siyasətindən danışıb. Onun sözlərinə görə, Fransa bir çox yerdə olduğu kimi, Martinikdə də müstəmləkəçilik siyasəti həyata keçirib, yerli xalqın iradəsini əlindən alıb.


Tədbirin yekununda qonaqlar yaradılan şəraitə və təşəbbüskarlığa görə Azərbaycana təşəkkür ediblər. Onlar digər dövlətlərin də Azərbaycanın bu təşəbbüsünə qoşulacağına ümid etdiklərini deyiblər.

Xatırladaq ki, dünən Bakıda “Neokolonizalizm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfrans keçirilib. Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutan konfransda 14 ölkənin, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin, həmçinin Korsikanın təmsilçiləri iştirak ediblər.


Bakı Təşəbbüs Qrupu Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. Bakı Təşəbbüs Qrupu XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.


Bu xüsusda, Bakı Təşəbbüs Qrupu sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans da keçirib.

Xəbəri paylaş: