Bugünlərdə Azərbaycan Respublikası Milli Məclisinin Serbiya ilə parlamentlərarası işçi qrupunun üzvləri Serbiya parlamentinin dəvəti ilə bu ölkənin Belqrad şəhərində səfərdə olublar.
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin uğurlu diplomatiyası nəticəsində Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlıq mövcuddur və bu əlaqələr ildən ilə daha da inkişaf edir. Bunun nəticəsidir ki, hər iki ölkənin parlamentləri arasında da sıx əməkdaşlıq yaranmışdır. Milli Məclisin Serbiya ilə parlamentlərarası işçi qrupunun üzvlərinin Serbiyaya səfəri də məhz bu əlaqələrin daha da gücləndirilməsi məqsədini daşıyır. Səfər proqramı çərçivəsində millət vəkilləri çox maraqlı görüşlər keçiriblər. Öncə hər iki ölkənin millət vəkilləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Belqradın mərkəzi parkında ucaldılmış abidəsini ziyarət ediblər və önünə tər çiçəklər düzüblər. Dostluq qrupunun üzvləri eyni zamanda Belqradın azadlığı uğrunda həyatlarını qurban vermiş naməlum əsgərin abidəsini ziyarət ediblər.
Rezonans.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan parlamentinin üzvləri Serbiya Respublikasının ali qanunvericilik orqanı olan Milli Assambleyanın spikeri Vladimir Orliçlə görüblər. Serbiya Parlamentinin spikeri bu ilin oktyabr ayının əvvəlində Azərbaycana etdiyi səfər haqqında təəssüratlarını, xüsusilə də Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevlə olan görüşü, işğaldan azad olunmuş Qarabağ torpaqlarında olarkən keçirdiyi hisslər haqqında danışıb. O, məmnunluqla ölkəsinin Azərbaycanla strateji tərəfdaşlığından və səmərəli əməkdaşlığından məmnuniyyətlə bəhs edib. Vladimir Orliç minnətdarlıqla Serbiyanın çətin günlərində Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin dəstəyini qeyd edib.
Milli Məclisin üzvləri həmçinin səfər çərçivəsində Serbiya-Azərbaycan parlamentlərarası dostluq qrupunda, Serbiya parlamentinin Beynəlxalq əlaqələr komitəsində müxtəlif görüşlər keçiriblər. Görüşlərdə deputatlar iki ölkə arasında əlaqələri, prioritet məsələlər ilə bağlı, xüsusilə də beynəlxalq təşkilatlarda koordinasiyalı fəaliyyəti müzakirə ediblər. Səfərdə Milli Məclisin Azərbaycan-Serbiya parlamentlərarası işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı, üzvləri Asim Mollazadə, Mahir Abbaszadə və Jalə Əhmədova iştirak ediblər.