Sahibə Qafarova türkiyəli həmkarını TƏBRİK ETDİ

img

Oktyabrın 28-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının milli bayramı - Respublika Gününün 100-cü ildönümü münasibətilə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa təbrik məktubu ünvanlayıb.

 

Bu barədə Rezonans.az-a Milli Məclisin mətbuat xidmətindən bildirilib.

 

Məktubda TBMM sədrinə, üzvlərinə və qardaş Türkiyə xalqına spiker Sahibə Qafarovanın və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından ən xoş arzular ifadə olunur.

 

Bildirilir ki, 1923-cü il oktyabrın 29-da Qazi Mustafa Kamal Atatürkün Türkiyə Böyük Millət Məclisində çıxış edərək Türkiyə Cümhuriyyətinin yaradıldığını elan etməsi çağdaş türk tarixində yeni şanlı dövrün əsasını qoydu. Xüsusən son illərdə qardaş Türkiyə siyasi, iqtisadi, texnoloji və digər sahələrdə hərtərəfli inkişaf əldə edərək, dünyada cərəyan edən proseslərdə fəal rol oynayan, qüdrətli bir ölkəyə çevrilib. “Türkiyə Yüzili” baxışının həyata keçirilməsi isə Türkiyəyə daha böyük uğurlar və qələbələr qazandıracaqdır.

 

Məktubda vurğulanır ki, bu gün “Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə qardaşlığı, birliyi və strateji müttəfiqliyinin nümunəvi xarakter daşıması və hazırda özünün ən yüksək zirvəsində olması bizləri olduqca sevindirir.

 

Məktubda Azərbaycan Respublikasının Milli Məclisi və Türkiyə Böyük Millət Məclisinin həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının birgə səylər nəticəsində bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə əminlik bildirilib.

 

Məktubun sonunda əziz Türkiyə xalqına daimi əmin-amanlıq və firavanlıq diləkləri ifadə olunub.

Xəbəri paylaş: