Azərbaycan iqtisadiyyatı sürətli və dayanıqlı şəkildə inkişaf edir

img

Azərbaycan 30 ildir dünyada neft-qaz ölkəsi kimi tanınır. Son dövrlər ölkəmizdə bərpaolunan enerji istehsalı sahəsində həyata keçirilən layihələr, eləcə də istehsal olunacaq elektrik enerjisinin Avropa dövlətlərinə ixracı barədə imzalanmış müqavilələr Azərbaycanı yaşıl enerji ölkəsi kimi də tanıtdı.


2020-ci ilin əvvəllərində Azərbaycan dövləti ilə Birləşmiş Ərəb Əmirliklərinin dünyada nəhəng şirkəti olan "masdar" arasında külək və günəş elektrik stansiyalarının tikilməsi haqqında müqavilə imzalanmışdır və 2023-cü il 26 oktyabr tarixində Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılışı baş tutdu. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, BƏƏ-nin rəsmi şəxsləri, "masdar" şirkətinin rəhbərləri iştirak etdilər. Tədbirdə çıxış edən Prezident cənab İlham Əliyev Azərbaycanla BƏƏ arasında dostluq əlaqələri, Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı, ölkəmizin qeyri neft sahəsinin inkişafına böyük diqqət ayrılması barədə ətraflı məlumat verdi. 


Ölkəmizdə inşa edilən Qaradağ Günəş Elektrik Stansiyası regionun ən böyük günəş elektrik stansiyası olub və bu sahədə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulmuşdur. Ümumiyyətlə Azərbaycanla BƏƏ tərəfdaş və dost dövlətlərdir, bu əlaqələr getdikcə yüksəlir. Daha 3 investisiya layihəsinin imzalanması BƏƏ ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsidir. Azərbaycan xarici investorlara hər zaman açıq bir ölkədir. Son 30 ildə Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Bu göstəricilər onu deməyə əsas verir ki, ölkəmizdə qeyri-neft sektoru sürətlə inkişaf edir. Digər tərəfdən neft-qaz sektorundan gələn gəlirlər hesabına iqtisadiyyatın digər sahələrinin inkişafına sərmayə qoymağa imkan yaranır. Ölkəmizdə istehsal olunan qeyri-neft məhsullarının ixracı hər il artmaqdadır. Azərbaycanda istehsal olunacaq yaşıl enerjinin Avropaya ixracı nəzərdə tutulub ki, bu da ölkə iqtisadiyyatının güclənməsinə təkan verməklə yanaşı Azərbaycanın dünyada siyasi mövqeyinin də güclənməsinə böyük təsir göstərir.

Qarabağ və Şərqi Zəngəzur ərazilərində bərpa olunan enerji istehsalı üçün böyük potensial mövcuddur və burada böyük həcmli layihələr icra edilir. 


Qaradağ və Şərqi Zəngəzurda yaşıl enerji istehsalı ölkəmizin elektrik enerjisinin gücünün artmasına böyük töhfə verəcək. 

Prezident cənab İlham Əliyevin müəllifi olduğu iqtisadi layihələr bütün sahələrin inkişaf etdirilməsinə yönəlmişdir. Som 20 ildə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox artmışdır. Bu onun göstəricisidir ki, Azərbaycan iqtisadiyyatı sürətli və dayanıqlı şəkildə inkişaf edir.


Kamilə Əliyeva 

Milli Məclisin deputatı, professor

Xəbəri paylaş: