Büdcə xərclərində qeyri-neft qaz məhsullarının ixracının, müxtəlif iqtisadi dəstək tədbirlərinin həyata keçirilməsi üçün ayrılan vəsaitləri vacib hesab etməklə yanaşı, cari xərclərin artım dinamikasının, publik hüquqi şəxslərə ayrılan subsidiyaların artım dinamikasının, nəticə əsaslı büdcə planlaşması və icrası üçün büdcə təşkilatlarının strateji planlama sahəsində davranışlarının arzu olunan həddə olmamasının da bizi narahat etdiyini demək istərdim".
Rezonans.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. O qeyd edib ki, yalnız büdcə vəsaitlərindən deyil, bütövlükdə dövlət vəsaitlərindən istifadəyə nəzarətin gücləndirilməsini vacib hesab edir:
"Hesab edirik ki, nəzarət yalnız xərclərə deyil, həm də gəlirlərin formalaşmasında hansı prinsiplərə əməl edildiyini əhatə etməlidir. Büdcə planlaşmasında və icrasında hər il tətbiq olunan yenilikləri və təkmilləşmələri təqdirəlayiq hal hesab edirik. Büdcə dayanıqlılığının qorunub saxlanılmasını da iqtisadi siyasətdə mühüm uğur hesab edirik. Eyni zamanda, müasir texnologiyaların inkişafı, ölkəmizdə bunun hər sahədə tətbiqi bu sahədə də yeni imkanlar yaradır. Konseptual olaraq hesab edirik ki, artıq büdcə təşkilatları üçün vərdiş halını almış bu və ya digər istiqamətlər üçün büdcə vəsaitinin istənilməsi və ayrılması təcrübəsindən tədricən uzaqlaşaraq, sosial-iqtisadi siyasətin məqsədlərinə çatmaq üçün maliyyə təminatının istənməsinə, ayrılmasına və icrasına nəzarətə nail olmaq lazımdır. Bu istiqamətdə müəyyən işlər artıq görülməkdədir, amma daha çox işlərin də görülməsinə ehtiyac vardır.
Qanun layihəsinə dair izahatda fiskal risklər və mitiqasiya tədbirləri barədə geniş məlumatların verilməsini mühüm və təqdirəlayiq hal hesab edirik. Hesab edirik ki, qeyri-standard vəziyyətin hakim kəsildiyi bir dövrdə doğru və çevik qərarların qəbulu mexanizmi məlumat bolluğu, çox ssenarilik və geniş təhlillərin aparılmasını tələb edir. Bu mənada Büdcə zərfinə daxil edliən məlumatların 3 ssenari əsasında hesablanmasını təqdirə layiq hal hesab edirik".