TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika ilə Çin Tibbi Avadanlıqlar Assosiasiyasının şirkətlərindən ibarət nümayəndə heyəti arasında görüş keçirilib.
Rezonans.az xəbər verir ki, tibb sahəsində qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək məqsədilə təşkil olunan görüşdə Yeni Klinikanın direktoru Barat Yusubov, direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədov, inzibati işlər üzrə direktor müavini İlqar Mustafayev, TƏBİB-in nümayəndə heyəti və digərləri iştirak edib.
Şüa diaqnostikası, müalicə, laborator müayinə, tibbi avadanlıqlar və s. kimi mövzuların müzakirə olunduğu görüşdə klinikanın direktoru Barat Yusubov əvvəlcə klinikanın fəaliyyət istiqaməti, hədəfləri və tibb müəssisəsindəki müasir standartlara cavab verən tibbi avadanlıqlar haqqında məlumat verib.
Müasir dövrdə tibb elminin bütün sahələrində böyük inkişafın müşahidə olunduğunu qeyd edən Barat Yusubov tibbdə qabaqcıl innovativ texnologiyaların tətbiqinin önəmini diqqətə çatdırıb.
Klinikanın maddi-texniki bazasının ən son texnologiyalara əsaslanan avadanlıqlarla təchiz olunmasının vacibliyini bildirən nümayəndə heyəti qarşılıqlı əməkdaşlığın daha da faydalı ola biləcəyini qeyd edib.
Xəstəxananın iş prinsipi və əsasən istifadə olunan tibbi avadanlıqarla tanış olmaq istəyən Çin Tibbi Avadanlıqlar Assosiasiyasının şirkətlərindən ibarət nümayəndə heyəti sonda klinikanın bir sıra şöbələrini ziyarət edib.