Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatların, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) ən fəal dövlətlərindəndir. Ölkəmiz İƏT üzv dövlətlərlə çoxtərəfli və ikitərəfli formatda əlaqələr qurur.
Təşkilata üzv olan Özbəkistanla Azərbaycan arasında yüksək səviyyəli dostluq və qardaşlıq əlaqələri mövcuddur və bu əlaqələr getdikcə genişlənir. 2022-ci ildə Prezident cənab İlham Əliyev Özbəkistana 3 dəfə səfər etmişdir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev yenidən Özbəkistan prezidenti seçildikdən sonra ilk dövlət səfərini məhz Azərbaycana etdi.
Prezident cənab İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənd şəhərində İƏT in 16-cı Zirvə toplantısındakı çıxışında Azərbaycanda şaxələndirilmiş böyük nəqliyyat-loqistika infrastrukturunun yaradılması, 30 il müddət ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığını, şəhər və kəndlərimizi viran qoyması, Azərbaycanın ECO nun işinə böyük əhəmiyyət verməsi barədə çıxış etdi.
Ölkəmiz Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşir. Son illər Azərbaycanda nəqliyyat-loqistika infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülmüş, bu layihələrə milyardlarla ABŞ dolları sərmayə yatırılmışdır. Artıq ölkəmiz nəqliyyat və loqistika mərkəzlərindən birinə çevrilmişdir. Ölkə başçımız çıxışında Azərbaycanın nəqliyyat- logistika infrastrukturunun ECO ya üzv dövlətlər üçün açıq olduğunu vurğuladı.
Azərbaycan dünyada neft- qaz ehtiyatları ilə zəngin bir dövlətdir və uzun illərdir Azərbaycandan Avropaya neft, neft-kimya məhsulları, təbii qaz ixrac edilir. Ölkəmizdə son illər günəş və küləklə işləyən elektrik stansiyalarının tikilməsi və yaşıl enerji istehsalı istiqamətində böyük layihələr reallaşdırılır.
Yaxın gələcəkdə Azərbaycan yaşıl enerji ixrac edən ölkəyə çevriləcək. Ölkəmiz region, eləcə də Avrasiya üçün çox önəmli beynəlxalq iqtisadi layihələrə imza atıb, bu gün də bu işlər davam etdirilir. Ermənistan dövləti isə Cənubi Qafqaz regionunun inkişafı, gücləndirilməsi istiqamətində addımlar atmaq əvəzinə 30 il Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirmişdir. Bu illər ərzində Azərbaycan iqtisadi, siyasi cəhətdən inkişaf edərək güclü dövlətə çevrildi. Prezident cənab İlham Əliyev Azərbaycan Ordusunu dünyanın ən güclü ordular sırasına yüksəltdi. Ordumuz beynəlxalq hüquqa əsaslanaraq torpaqlarımızı işğaldan azad etdi. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi.
Azərbaycan 1992-ci ildən İƏT na daxil olub. Ulu öndər Heydər Əliyev də İƏTə xüsusu önəm verib. Bu gün də Azərbaycan ECO nun fəaliyyətinə töhfələr verir. Təşkilatın 9-cu, 12-ci Zirvə görüşləri müvafiq olaraq 2006 və 2012-ci illərdə Bakıda reallaşıb. Təşkilata üzv dövlət olan İran İslam Respublikası ilə Azərbaycan arasında Naxçıvana çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi haqqında razılıq əldə olunub. Təşkilata üzv dövlətlər hər zaman Azərbaycanın haqq işini dəstəkləyib. Vətən müharibəsi zamanı Türkiyə və Pakistan ölkəmizə böyük siyasi və mənəvi dəstək göstəriblər.
Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor