Cümhuriyyətin elan edilməsi ilə Türkiyə demək olar ki, hər sahədə böyük bir inkişaf prosesinə daxil olmuşdu. Aviasiya sənayesi, bu sahənin inkişafı da onlardan biri idi.
Rezonans.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mustafa Kamal Atatürk Türkiyədə aviasiyanın inkişafına böyük əhəmiyyət verirdi.
Buna görə də 7 sentyabr 1925 -ci ildə Nazirlər Kabinetinin qərarı ilə 3,5 milyon lirə sərmayəsi olan bir şirkət qurulur.
Onun səhmlərin 51%-i Türkiyə Milli Müdafiə Nazirliyinə, 49%-i Almaniyanın "Junkers" təyyarə fabrikinə məxsus idi. Kayseri təyyarə fabriki üçün lazım olan materiallar Almaniyadan gətirilir.
6 oktyabr 1926-cı ildə bir dövlət mərasimi ilə açılan fabrik 6 angarda 50 türk və 120 alman işçisi ilə istehsalata başlayır. Fabrik qurulduğu zaman dünyanın ən böyük təyyarə fabriklərindən biri sayılırdı.
Almaniya şirkəti qurulmasından iki il sonra, səhmlərini Türkiyə Aviasiya Birliyinə təhvil verdi və fabrik bir müddət istehsalını dayandırdı.
1930-cu ildə yenidən açılan Kayseri təyyarə fabrikində 1942-ci ilə qədər 7 fərqli modeldə cəmi 212 təyyarə istehsal edildi. 1940-cı illərdə ABŞ-ın Türkiyəyə etdiyi "Marshall" yardımının təsiri ilə təyyarə fabrikində əvvəl istehsal dayandırıldı, sonra fabrik Hava Təchizat və Təmir Mərkəzi oldu.










