Ramil Həsən Raj Kişor Yadav ilə görüşüb

img

Noyabrın 22-də Milli Məclisin Nepalla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ramil Həsən Nepal Parlamentinin Nümayəndələr Palatasının Beynəlxalq  münasibətlər və turizm komitəsinin sədri Raj Kişor Yadav ilə görüşüb.


Rezonans.az xəbər verir ki, qonağı salamlayan deputat Ramil Həsən Milli Məclisin parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinə xüsusi önəm verdiyini qeyd edərək Azərbaycan parlamentinin spikeri Sahibə Qafarovanın Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə sədrliyi dövründə Milli Məclisin Qoşulmama Hərəkatına üzv bir sıra dövlətlərin parlamentləri, o cümlədən Nepal parlamenti ilə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının təsis olunduğunu diqqətə çatdırıb. Milli Məclisin deputatı iki ölkə arasında parlamentlərarası əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayaraq bu işdə qarşılıqlı parlamentlərarası dostluq qruplarının birgə fəaliyyətinin verə biləcəyi töhfələri xüsusi vurğulayıb.


Nepal Parlamentinin Nümayəndələr Palatasının Beynəlxalq  münasibətlər və turizm komitəsinin sədri Raj Kişor Yadav səmimi qəbul üçün təşəkkürünü bildirib,  parlamentlərarası və parlament rəhbərləri arasındakı mövcud münasibətlərdən məmnuniyyətini ifadə edərək, parlamentlərarası əlaqələrin, beynəlxalq təşkilatlarda, o cümlədən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi çərçivəsində parlament əməkdaşlığının genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Görüşdə qonağa 44 günlük Vətən müharibəsində, həmçinin cari ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycanın beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində legitim üsullarla öz suverenliyini bərpa etməsi, regionda yaranan reallıqlar, bölgədə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın təşəbbüsləri və atdığı addımlar barədə məlumat verilib.


Söhbətdə tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Xəbəri paylaş: