2023-cü il 24 noyabr tarixində Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilmişdir.
Məlumat üçün qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 26 mart 1998-ci ildə Mərkəzi Asiya ölkələrinin prezidentləri və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) və BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının (ESCAP) icraçı katibləri tərəfindən imzalanmış Daşkənd Deklarasiyası ilə yaradılmışdır. Hazırda SPECA-nın iştirakçı ölkələri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Əfqanıstandır. UNECE və ESCAP SPECA-nın Proqram çərçivəsində fəaliyyətlərinə birgə ümumi dəstək verirlər. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığı və onun dünya iqtisadiyyatına inteqrasiyasını gücləndirməkdir.
Bu il SPECA-nın yaradılmasının 25-ci ildönümüdür. İlk dəfə olaraq Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə üzv dövlətlərin zirvə görüşü keçirilmişdir. Bakıda keçirilən Zirvə görüşündə Proqrama üzv dövlətlərin dövlət və hökumət başçıları ilə yanaşı Gürcüstan və Macarıstanın hökumət başçıları və Körfəz Əməkdaşlıq Şurasının Baş katibi də iştirak etmişdir.
Proqramın yaradıldığı illərdə müstəqilliklərinin ilk dönəmlərini yaşayan üzv dövlətlər ötən bu qısa müddətdə gözləgörülən uğurlar əldə etmişlər. Geridə qalan dövr ərzində Proqram çərçivəsində qarşılıqlı uğurlu əməkdaşlıq əlaqələri nəticəsində bu gün üzv dövlətlər arasında ticarət dövriyyəsi artmış, ikili və çoxtərəfli siyasi və iqtisadi əlaqələr güclənmişdir.
Cənab Prezidentin BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündəki çıxışında da qeyd etdiyi kimi dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət almasına baxmayaraq, bu gün SPECA-ya üzv ölkələrdə sülh, sabitlik, əmin-amanlıq hökm sürür.
Bu gün Azərbaycan və SPECA-ya üzv olan digər dövlətlər istər bir-birləri, istərsə də digər dövlətlərlə qurduqları əlaqələrdə hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər çərçivəsində bərabərtərəfli əməkdaşlıq əlaqələri qururlar.
Azərbaycan istər regional, istərsə də beynəlxalq səviyyədə əməkdaşlıqda etibarlı partnyor olmaqla yanaşı üzv olduğu və ya qoşulduğu təşkilatların işinə müxtəlif istiqamətlərdə töhvə vermişdir. Məhz bu məqsədə xidmət edən daha bir nümunə kimi Azərbaycan tərəfindən BMT-nin himayəsi altında təsis edilmiş SPECA Etimad Fonduna dəstək məqsədilə 3,5 milyon ABŞ dolları məbləğində yardım ayrılmasının nəzərdə tutulmasını göstərə bilərik.
20-24 noyabr 2023-cü il tarixlərində Bakıda SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) həftəsi çərçivəsində İşçi Qruplarının iclasları, İqtisadi Forum, SPECA Rəhbər Şurasının 18-ci sessiyası keçirilmişdir.
Proqramın xidmətyönümlü, çevik və strateji platformaya çevrilməsinə dəstək məqsədilə “SPECA regionunun qlobal bağlantı qovşağına çevrilməsi” başlığı altında təşkil olunan SPECA 2023 İqtisadi Forumunda SPECA bölgəsində yaşıl enerji bağlılığı, nəqliyyat bağlantısı, təchizat zəncirində məlumatların rəqəmsal transformasiyası və sənəd mübadiləsi mövzularında geniş müzakirələr aparılmışdır.
Qeyd olunanlarla yanaşı, SPECA həftəsi çərçivəsində “SPECA Ölkələri Sərgisi: Dayanıqlı İnkişaf Naminə Regional Əməkdaşlıq” adlı sərgi təşkil olunmuşdur. Sərginin təşkil olunmasında məqsəd iştirakçı ölkələrin iqtisadi potensialının nümayiş etdirilməsi, üzv dövlətlər arasında regional iqtisadi əməkdaşlıq imkanlarının gücləndirilməsi olmuşdur.
Zirvə görüşündə çıxışı zamanı Azərbaycanın iqtisadi göstəriciləri ilə bağlı statistik məlumatları qeyd edən Cənab Prezident İlham Əliyev son 20 il ərzində Azərbaycanın ümumdaxili məhsulunun 4 dəfə, büdcə gəlirlərinin 30 dəfədən, xarici ticarət dövriyyəsinin isə 10 dəfədən çox artdığını bildirərək, Azərbaycanın birbaşa xarici borcunun hazırda ümumdaxili məhsulun təxminən 10 faizini təşkil etdiyini, valyuta ehtiyatlarının birbaşa xarici dövlət borcunu 10 dəfə üstələdiyini, yoxsulluq səviyyəsinin təxminən 50 faizdən 5,5 faizə düşdüyünü vurğulamışdır.
Aparılan uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir ki, bu gün Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb. Belə ki, son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub. Bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür.
Qeyd olunanlarla yanaşı, öz çıxışı zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı əsas məqamlara da toxunan Cənab Prezident bu münaqişə barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Müstəqilliyimizin ilk illərində torpaqlarımızın iyirmi faizini işğal etmiş Ermənistan həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmışdı. 30 ildən çoxdur aparılan danışıqlar bu illər ərzində Ermənistan tərəfinin “Danışıqlar xətrinə danışıqlar” aparması ucbatından nəticəsiz qalmışdı.
2019-cu ildən etibarən isə Ermənistan rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuş, Ermənistanın bir daha əsl məqsədinin mövcud vəziyyəti qoruyaraq Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdi.
2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayan rəşadətli Azərbaycan Ordusu 44 günlük uğurlu hərbi əməliyyatlar nəticəsində Azərbaycan torpaqlarının geri qaytarılmasını təmin edərək böyük qələbə qazandı.
Son olaraq, sentyabrın 19-da başladılan və cəmi 24 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz əraziləri üzərində suverenliyini tam bərpa etmiş oldu.
Bu gün həmin ərazilərdə bərpa-quruculuq işlərinin aparıldığını qeyd edən Cənab Prezident orada yeni şəhər və kəndlərin inşa edildiyini, ilkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsinin nəzərdə tutulduğunu bildirdi.
Yaşadığı torpaqlardan didərgin düşmüş həmyerlilərimizin öz torpaqlarına qaytarılması Cənab Prezidentin Qarabağ siyasətinin prioritet istiqamətidir. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq olunmuş, işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkil edilməsini; şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisinin və dayanıqlı infrastrukturla təminatının həyata keçirilməsini; müasir standartlara uyğun xidmətlərin yaradılmasının təmin edilməsini; o ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsinin gücləndirilməsini, məşğulluq imkanlarının artırılmasını; sosial xidmətlərin əhatə dairəsini genişləndirilməsinin və əlçatanlığının təmin edilməsini; dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsini və s. nəzərdə tutan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” bu gün artıq uğurla həyata keçirilir.
Xüsusilə vurğulamaq lazımdır ki, son illərdə Azərbaycan regionda davamlı olaraq beynəlxalq tədbirlərin keçirildiyi bir mərkəzə çevrilmişdir ki, son olaraq yüksək səviyyədə keçirilən Zirvə görüşü də bu qəbildən olan növbəti tədbirlərdəndir. Bu, Cənab Prezident İlham Əliyevin Azərbaycanın regional və beynəlxalq səviyyədə imicinin qaldırılmasına xidmət edən planlı siyasətinin daha bir parlaq göstəricisi olmaqla Azərbaycanın beynəlxalq arenada nüfuzunun, ona olan yüksək etimadın nəticəsidir.
Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov