Masallı rayonunun Ninəlov kəndinin qazlaşması ilə əlaqədar təbii qazın açılışı mərasimi baş tutub.
“Azəriqaz” İB-dən Rezonans.az-a bildirilib ki, görüşdə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran RQİİ-nin rəhbər şəxsləri, Masallı rayon İcra Hakimiyyətinin başçısı və bir qrup kənd sakini iştirak edib. Regional İdarənin rəisi çıxış edərək ümumilikdə 77 fərdi yaşayış evini əhatə edən Ninəlov kəndinə təbii qazın verilməsi ilə əlaqədar kənd sakinlərini təbrik edərək aparılmış qazlaşdırma işləri ilə bağlı məlumat verib.
Bildirilib ki, kəndin qazlaşdırılması üçün uzunluğu 2292 metr, diametri 110 mm olan yeraltı orta təzyiqli polietilen, 5057 metr müxtəlif diametrli polad borular vasitəsi ilə yerüstü paylayıcı qaz xətti çəkilib. Şəhid ailələri və qazilərin sosial-məişət qayğılarının xüsusi diqqətdə saxlanılması barədə ölkə başçısının tapşırığına uyğun olaraq kənd sakini, Vətən müharibəsi qazisi Ağasəlim Mirzəyevin yaşadığı fərdi yaşayış evi birliyin vəsaiti hesabına təbii qazla təmin edilib.