Bakıda beynəlxalq konfransın açılış mərasimi keçirilib

img

Bakıda “Azərbaycanda Qızılbaş İrsi: tarixin izi ilə” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Rezonans.az xəbər verir ki, Azərbaycan Diasporuna Dəstək Fondunun və “Qızılbaş” Qlobal İrsi Şurası Təşkilatının birgə dəstəyi ilə baş tutan tədbir “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikasında keçirilməsi planlaşdırılan tədbirlər planına uyğun olaraq gerçəkləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev iştirakçıları və qonaqları salamlayaraq, konfransın keçirilməsinin məqsədləri və Komitənin fəaliyyəti barədə məlumat verib.

Qeyd edib ki, XV əsrin ikinci yarısında meydana çıxmış Azərbaycan qızılbaşlarının qurduğu Səfəvi, Əfşar və Qacar dövlətlərinin Mərkəzi və Cənubi Asiya coğrafiyasında qalan tarixi imperial mirasından (insan sərmayəsi, maddi və qeyri-maddi irs) uzaq və yaxın perspektivdə ümummilli məqsədlər üçün faydalanmaq tarixi bir zərurətdir və Diasporla İş üzrə Dövlət Komitəsi bu vacib missiyanın gerçəkləşdirilməsində ilkin fəaliyyətə başlayıb.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərli mühüm mövzuya həsr olunan konfransın keçirilməsini dəstəklədiklərini bildirib. Mədəniyyət Nazirliyinin həm də tarixi abidələrin mühafizəsinə məsul olduğunu deyən nazir müavini təəssüflə bildirib ki, Ermənistanın 30 il davam edən işğalı nəticəsində bir çox tarixi abidələrlə yanaşı, qızılbaşlara aid irs də erməni vandalizminin qurbanı olub. Qızılbaş Qlobal İrsi Şurası Təşkilatının sədri Babək Hüseynli konfransa qatılan qızılbaş nəsillərinin nümayəndələrini ata yurdda salamlamaqdan məmnun olduğunu vurğulayıb. O, təşkilatın üç il əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə yaradıldığını və İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün ciddi fəaliyyət göstərdiyini söyləyib, Əfqanıstan, Pakistan və Hindistanda hazırda həyata keçirdikləri layihələr barədə məlumat verib.

Qızılbaş Qlobal İrsi Təşkilatının sədr müavini Arşi Qızılbaş isə deyib ki, məqsədləri təşkilatın inkişafına, eləcə də BMT və UNESCO tərəfindən dünya irsini qoruyan bir təşkilat kimi tanınmasına nail olmaqdır.

Qeyd edək ki konfransın açılış mərasimində “Qızılbaş” Qlobal İrs Şurasının Pakistan, Türkiyə, ABŞ, Kanada, Birləşmiş Krallıq, Sinqapur və Əfqanıstan üzrə təmsilçiləri, Milli Məclisin deputatları, Qızılbaş irsinin Azərbaycan və Türkiyədən olan tədqiqatçıları, müxtəlif dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Konfrans öz işini panel iclasları ilə davam etdirəcək.

Xəbəri paylaş: