Dələduzluğa görə həbs olunan üç nəfər Özbəkistana təhvil verildi

img

Özbəkistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək dövlətlərarası və beynəlxalq axtarışa verilən Egamnazarov Uktam Şorofoviçin, Dilmuradova Dilbaxor Muxtarovnanın və Şakarov Otabek İbraim oğlunun cinayət məsuliyyətinə cəlb olunması üçün verilmələrinə dair Özbəkistan Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.

Rezonans.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

U.Ş.Egamnazarov və D.M.Dilmuradova cari ilin avqustunda, O.İ.Şakarov isə sentyabrında Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhəd nəzarətindən keçərkən saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabr tarixli Konvensiyanın tələblərinə uyğun olaraq qeyd edilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul olunub. Onlar noyabrın 28-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib.

Xəbəri paylaş: