Milli Məclisin nümayəndə heyəti Çexiyadadır

img

Dekabrın 1-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Çex Respublikasına rəsmi səfəri başlayıb.

Rezonans.az xəbər verir ki, Çex Respublikasının paytaxtı Praqanın Vatslav Havel Beynəlxalq Hava Limanında nümayəndə heyətini Çexiya Parlamentinin Deputatlar Palatasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Yan Kubik, Çexiyadakı səfirimiz Adış Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfərdə nümayəndə heyətimiz Çexiya Parlamentində olacaq, keçirilən görüşlərdə ikitərəfli və parlamentlərarası əlaqələrimizin inkişaf perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Bundan öncə parlamentin nümayəndə heyəti Almaniyada rəsmi səfərdə olub. Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Almaniya Federativ Respublikası Bundestaqının sədri Barbel Bas ilə görüşüb. Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb. B.Bas Milli Məclis sədrinin Almaniyaya rəsmi səfərinin ikitərəfli əlaqələrin daha da genişlənməsinə müsbət təsir göstərəcəyinə inamını ifadə edib. Tərəflər ölkələrimiz arasındakı münasibətlərin formalaşması və inkişafında qanunverici orqanların rolunu yüksək qiymətləndiriblər.

Daha sonra patlament nümayəndə heyətimizin Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə qrupun üzvləri ilə görüşü keçirilib. Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov, deputatlar Elnur Allahverdiyev, Soltan Məmmədov və Elşən Musayevin iştirak etdiyi görüşdə Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin bir çox sahələrdə uğurla inkişaf etdiyi və əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb. Bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın bu səfəri ikitərəfli əlaqələrin dərinləşməsinə töhfə verəcək. Görüşdə həmçinin dostluq qrupları arasında əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı səfərlərin və təmasların önəmi diqqətə çatdırılıb. Bu cür təmaslar qarşılıqlı məlumatlandırma, ölkələrimiz arasında əməkdaşlığın aktual məsələlərinin müzakirəsi baxımından olduqca faydalıdır. Deputatlar hazırda regionda mövcud olan vəziyyət, Azərbaycanın sülh təşəbbüsləri barədə almaniyalı həmkarlarını ətraflı şəkildə məlumatlandırıblar.

Milli Məclisin nümayəndə heyəti Almaniya parlamenti ilə yanaşı bu ölkədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan qəbulda da iştirak ediblər. Tədbirdə Almaniya Bundestaqının üzvləri, xarici ölkələrin səfirləri, Almaniya XİN-in və digər dövlət qurumlarının yüksək vəzifəli təmsilçiləri, o cümlədən elm, mədəniyyət xadimləri, müxtəlif şirkətlərin nümayəndələri, iş adamları və Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər. Milli Məclisin sədri bu ölkəyə rəsmi səfərini dövlətlər arasında mövcud olan yüksək səviyyəli münasibətlərin bariz nümunəsi adlandırıb.

Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan-Almaniya Forumunun üzvləri ilə görüşüb. Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri Azərbaycanın sosial-iqtisadi inkişafı, ölkəmizdə həyata keçirilən islahatlar, Azərbaycandakı investisiya mühiti, işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işləri barədə Almaniya tərəfinə geniş məlumat verib.

Hazırda Milli Məclisin nümayəndə heyətinin Çex Respublikasına səfəri davam edir.

Xəbəri paylaş: