Goranboyda polis əməkdaşları məktəblilərin qonağı olub

img

Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Nərimanlı və Rəhimli nömrəli tam orta məktəblərində “Gəncliyimizi narkomaniyadan qoruyaq” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Rezonans.az- a verilən məlumata görə, tədbirlərdə çıxış edən RPŞ-nin rəis müavinləri polis polkovnik-leytenantı Firuz Nuriyev və polis polkovnik-leytenantı Rüfət Quliyev şagirdlərə narkotik asılılığının törətdiyi fəsadlarla bağlı geniş məlumat veriblər.


Tədbirlərdə narkotikin insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açılıb, rayon ərazisində narkotik alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri iştirakçıların diqqətinə çatdırılıb.


Bundan başqa tədbirlərdə ali təhsil almaq arzusunda olan abituriyentlərə Polis Akademiyası barədə ətraflı məlumat verilib, qocaman təhsil müəssisəsinin ölkəmizdə savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırılıb. Akademiyaya kursant qəbulu qaydaları ilə bağlı abituriyentlərin suallarını cavablandıran rəis müavinləri orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar və asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlərdən danışıb.


Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


Xəbəri paylaş: