Özbəkistan parlamentinin nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Bu barədə Rezonans.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, dekabrın 4-də ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Ali Məclisi Senatının Aparat rəhbəri Qüdrət Nurullayevin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb.
Sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb. Eyni zamanda, "Əbədi məşəl” abidəsi ziyarət olunub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclis Aparat rəhbərinin müavini Rüstəm Mahmudov və digər rəsmi şəxslər müşayiət ediblər.
Sonra Özbəkistan Respublikası Ali Məclisi Parlamentinin nümayəndə heyəti Milli Məclisin inzibati binasına gəlib.
Parlamentin plenar iclas zalı ilə tanış olan qonaqlara Milli Məclisin fəaliyyəti və qanunvericilik prosesinin həyata keçirilməsi prosesi haqqında geniş məlumat verilib.
”Heydər Əliyev adına xatirə zalı”na dəvət olunan qonaqlar, müstəqil Azərbaycan dövlətinin həyatında əlamətdar rol oynayan Konstitusiya aktı ilə, Milli Məclisin qəbul etdiyi tarixi sənədlərlə yaxından tanış olublar. Burada onlara müasir müstəqil Azərbaycanın qurulmasında müstəsna rolu olan Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi daxili və xarici siyasəti, müstəqil Azərbaycanın gücləndirilməsi və müasir dövlətin qurulması naminə görülən işlərlə bağlı geniş məlumat verilib.
Sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunmuş Zəfər Guşəsi ilə tanış olan qonaqlara Milli Məclisin foyesində yaradılmış həmin guşə haqqında məlumat verilib. Bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə yaradılmış bu Guşəyə müharibə dövründə canlarından keçərək şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimizin adları həkk olunub. Qonaqlar Guşədə yer alan və Vətən müharibəsində qələbə münasibətilə təsis olunmuş orden və medallarla da tanış olublar.