"Qarşıda bizi yeni hərbi toqquşmalar gözləyə bilər" - Deputat

img

Dünyanın bütün ölkələrində ordu cəmiyyətin ən elitar təbəqəsi sayılır, bu, Azərbaycanda da belədir. Orduya o şəxslər gedirlər ki, onlar yüksək ali dəyərlərə sahib insanlardır, öz həyatlarını Vətən üçün qurban verməyə hazırdırlar".

Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat xatırladıb ki, Azərbaycan Ordusu sonuncu döyüşlərdən bir ay yarım əvvəl çıxıb: "Müharibə hələ bitməyib, sülh sazişi imzalanmayıb. Fransa Ermənistanı silahlandırır. Ermənistan bizim işğal altında qalan 8 kənddən öz qoşunlarını çıxarıb həmin əraziləri azad etmək istəmir. Qarşıda bizi yeni hərbi toqquşmalar gözləyə bilər. Qalib Ordunun zabitlərinin, MAXE-lərinin sosial hüquqlarının bu formada məhdudlaşırılması ilə bağlı qanun layihəsinin təqdim olunması başa düşülən olmadı. Biz təkcə hərbi xidmət müddətini artırmırıq, həm də onların mənzil almaq hüququnu əllərindən alırıq. Onlar 20 il xidmətdən sonra mənzil ala bilirdilər. İndi o hüquq da onların əllərindən alınır. Orduya xüsusi diqqət, qayğı lazımdır. Bu müddətlərin artırılması, onların təhsil aldıqları dövrün staja hesablanmaması sosial hüquqların məhdudlaşdırılmasıdır. Bunu düzgün hesab etmirəm. Bu məsələ gündəmdən çıxarılmalıdır. Gələcəkdə peşəkar ordu quruculuğuna keçiləndə bu məsələlər orada müzakirə oluna bilər. Bu qanun o şəxslərə şamil olunmalıdır ki, onlar bu qanun qəbul olunandan sonra müqavilə imzalayacaqlar. Artıq müqavilə imzalamış şəxslərə şamil olunmalı deyil. Hesab edirəm ki, orduda islahatlara ehtiyac var. Azərbaycanda peşəkar orduya keçməyin vaxtı çatıb".

Xəbəri paylaş: