“Qlobal sarsıntılar və təhlükələr dövründə prezident seçkilərinin 7 fevral 2024-cü ilə təyin edilməsi Vətən müharibəsində Azərbaycana məğlub olan qüvvələrin xarici müdaxilə və planlarından ölkəmizi qorumaq üçündür”.
Rezonans.az xəbər verir ki, bu fikirləri deputat Zahid Oruc Milli Məclisin plenar iclasında bildirib.
“Seçkilərin vaxtının irəli çəkilməsi 3-cü dövlətlərin planlarının pozulması və erməni təxribatlarına cavab olaraq 27 sentyabrda verilən qərarla eyni mənaya malikdir. Müqəddəs müharibədə qazanılan qələbə azad, ədalətli, demokratik, legitim seçki hadisəsi idi. Zəfər seçkilərinin hansı tarixdə keçirilməsi, İlham Əliyevə veriləcək milyonlarla səsi dəyişmir. Müstəqillik tarixində Ulu öndər Heydər Əliyevin 1993-cü ildəki mütləq qələbəsi kimi, Vətən müharibəsindən sonra prezidentin kimliyi və seçkilərin nəticələri təqvimin ilindən və günlərindən asılı deyil.
Zəfər seçkilərini “hakimiyyətin ömrünü saxta yolla uzatmaq” adlandıranlar uzun illər siyasətdə olan, torpaqların itirilməsində məsuliyyət daşıyan və Qarabağ Zəfəri ilə birdəfəlik prezidentliyə gedən yolları bağlanan şəxslərdir. O üzdən ötən seçkilərdə baş verən hər hansı neqativ halın, kənar müdaxilə və pozuntuların 2024-cü ilin 7 fevralında təkrarlanması Ermənistanın özünü “demokratiya adası” kimi bizdən üstün tutmasına rəvac verən qəsd, ölkəmizdə qanlı inqilablar və xarici iradədən asılı hökumətlər formalaşdırmaq istəyənlərin xeyrinə ediləcək siyasi cinayətdir. Ərazisi və suverenliyi bütöv ölkənin prezident seçkiləri də halal və müqəddəs olmalıdır”,- deyə deputat vurğulayıb.