Milli maraqları ön planda tutan dövlət siyasəti

img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Euronews” televiziyasına iqtisadi, sosial, enerji təhlükəsizliyi, işğaldan azad olunmuş ərazilərlə bağlı gələcək planlar və digər məsələlər barəsində geniş müsahibə verib.

Bu gün Azərbaycan iqtisadiyyatı ən parlaq günlərini yaşayır. Bunu deməyə müxtəlif istiqamətlər üzrə mövcud statistik göstəricilər əsas verir. Son illərdə ölkə rəhbərliyi tərəfindən planlı şəkildə həyata keçirilən iqtisadi islahatlar ölkəni xarici investorlar üçün daha cazib hala gətirir. Belə ki, son 20 ildə Azərbaycana 300 milyard dollardan artıq vəsait daxil olmuş, Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artmışdır.

Euronews kanalına müsahibəsində Azərbaycanın iqtisadi göstəriciləri ilə bağlı ətraflı məlumat verən Prezident İlham Əliyev ölkədə müxtəlif istiqamətlərdə gedən inkişafdan, aparılan islahatlardan, dövlətin uğurla həyata keçirilən inkişaf strategiyasından danışıb. Prezident İlham Əliyev bildirib ki: “Son 20 ildə yoxsulluq səviyyəsində yaşayan əhalinin sayı təqribən 50 faizdən 5,5 faizə qədər enib. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb”.

Qeyd olunan iqtisadi faktorlar müsbət anlamda digər istiqamətlərə də təsirsiz ötüşmür. Hazırda Azərbaycanın xarici borcu ÜDM-in 10 faizindən aşağıdır ki, qeyd olunan göstərici ölkə iqtisadiyyatının dözümlülüyünün əsas göstəricilərindən biridir. Dövlət başçısı Azərbaycanın daxili riskləri ilə bağlı məsələyə də toxunaraq bildirib ki: “Azərbaycan bir ay içində xarici borcunu ödəyə bilər. Dünyada bunu edə biləcək çox ölkə yoxdur. Əsas beynəlxalq aktorlarla yaxşı siyasi əlaqələri olan, özünü təmin edən iqtisadiyyat və ölkədəki siyasi sabitlik və birlik - bütün bu amillər onu göstərir ki, bizdə daxili risklər yoxdur”.

Torpaqlarımızın işğaldan azad olunması özlüyündə paralel olaraq Azərbaycan dövlətinin üzərində önəmli məsuliyyəti də müəyyənləşdirmiş oldu – uzun illər öz doğma yurd-yuvalarından didərgin düşmüş həmvətənlərimizin ən qısa zamanda öz doğma torpaqlarına geridönüşünün təmin edilməsi məsuliyyətini. Müsahibə zamanı qeyd olunan məsələnin önəmini qeyd edən ölkə başçısı əsas dövlət xərclərinin azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcəyini vurğuladı: “Keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonunadək 140 min insanın yerləşdirilməsi planlaşdırılır. Bunun üçün isə infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırılmalıdır.”

Gündəmdə olan əsas məsələlərdən biri kimi Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması mövzusuna da toxunan Prezident İlham Əliyev bildirib ki: “Sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə Azərbaycandır. Hazırda Qarabağ məsələsi bitdikdən sonra Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil”.

Dünyada işğal siyasətindən ən çox əziyyət çəkən ölkələrdən biri də Azərbaycan olmuşdur. Ancaq bütövlükdə münaqişənin həll olunması ilə Azərbaycan digər dövlətlərlə olduğu kimi Ermənistanla olan əlaqələrin də normallaşdırılması məsələsinə müsbət baxır. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması təkcə iki ölkə arasında münasibətlərin doğru şəkildə qurulmasına xidmət etməyəcək, eyni zamanda beynəlxalq ticarət yollarının bərpa olması ilə ölkəmizin və bütövlükdə regionun inkişafına çox müsbət təsir göstərəcəkdir.

Azərbaycan dünyada zəng neft və qaz yataqlarına malik ölkələrdən biridir. Belə olan halda təbii olaraq ölkə iqtisadiyyatının aparıcı qüvvəsini neft və qaz hasilatı təşkil edir. Xüsusilə, Rusiyaya tətbiq olunmuş sanksiyalar fonunda Azərbaycan qazına olan tələbat daha da artmışdır. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısı qismində çıxış edən əsas ölkələrdən birinə çevrilmişdir ki, qeyd olunan faktor, həm də Avropa dövlətlərinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələr qurulmasında maraqlı olduğunun və Azərbaycan hakimiyyətini etibarlı bir partnyor kimi dəyərləndirmələrinin bir göstəricisidir.

Bununla birlikdə, ölkəmiz yerləşdiyi coğrafi mövqe baxımından çox böyük bərpaolunan enerji ehtiyatlarına malikdir. Bu amildən uğurla istifadə edən Azərbaycan dövləti bu sahəyə qoyulan xarici investisiyaları daim dəstəkləyir. Belə ki, müsahibə zamanı ötən ay xarici investisiya hesabına ərsəyə gəlmiş 230 meqavat gücündə günəş elektrik stansiyasının açılışının olduğunu qeyd edən ölkə başçısı, növbəti 5-6 ildə 10 qiqavat həcmində günəş və külək enerjisinin istehsalının planlaşdırıldığını da vurğulamışdır.

Son on illiklər ərzində Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olan xarici siyasət istiqamətində görülən işlər – iqtisadi, siyasi, hərbi, sosial, mədəni və digər sahələrdə həm regional, həm də beynəlxalq səviyyədə formalaşdırılan əlaqələr, artıq öz bəhrəsini verir. Belə ki, artıq Azərbaycan dünya dövlətləri arasında xüsusi yeri olan, bir çox ölkənin dostluq əlaqələri yaratmaqda maraqlı olduğu bir ölkəyə çevrilmişdir. 

Azərbaycanın digər dövlətlərlə qurduğu ikili və çoxtərəfli əlaqələrə də toxunan ölkə başçısı Azərbaycanın müxtəlif istiqamətlər üzrə qurulmuş xarici əlaqələrindən bəziləri haqqında geniş məlumat vermişdir. Xüsusilə, Qoşulmama hərəkatının dünyada BMT-dən sonra ən böyük təşkilat olduğunu və Azərbaycanın belə bir təşkilatın aparıcı dövlətlərindən biri kimi artıq dördüncü ildir ki, bu Təşkilata sədrlik etdiyini bildirmişdir. 

Beynəlxalq arenada güclü xarici siyasət yürüdən bir dövlət kimi dəyərləndirilən Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə SPECA proqramı çərçivəsində yaratdığı çoxistiqamətli münasibətlər qarşılıqlı şəkildə ölkəmizlə Proqrama üzv dövlətlər arasında iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin genişləndirilməsinə töhvə verir.

Dövlət başçısı tərəfindən hər şeydən öncə Azərbaycanın milli maraqları ön planda tutularaq ölkənin daxilində və xaricində müxtəlif istiqamətlərdə uğurla davam etdirilən dövlət siyasəti, planlı şəkildə həyata keçirilən dövlət proqramları heç şübhəsiz ki, həm də Azərbaycanın gələcək uğurlarının mesajını vemiş olur.


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 

sədri Ziyafət Əsgərov

Xəbəri paylaş: