
Cənubi Amerika ölkəsi olan Ekvadorun Bellavista həbsxanasında məhbuslar arasında dava düşüb.
Rezonans.az xəbər verir ki, Ekvador Baş Prokurorluğu həbsxanada baş verən dava ilə bağlı açıqlama yayıb.
Bildirilib ki, hadisə nəticəsində 43 nəfər həyatını itirib, 13 nəfər isə yaralanıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır, bu səbəbdən ölü sayının artacağı istisna edilmir.
Hazırda ölən məhbusların kimliyinin müəyyən edilməsi istiqamətində işlər aparılır.
Ölkənin daxili işlər naziri Patricio Carrillo davanın Los Lobos və R7 cinayətkar dəstə üzvləri arasında baş verdiyini, həyatını itirən məhbusların kəsici alətlərlə öldürüldüyünü deyib. Hazırda faktla əlaqədar araşdırma aparılır.