Avropa İttifaqı (Aİ) ölkələri pandemiyanın kəskin dövründə alınan, lakin istifadə olunmayan koronavirusa qarşı azı 215 milyon doza vaksini məhv edib.
Rezonans.az xəbər verir ki, bu barədə məlumatı “Politico” qəzeti yayıb.
Qəzetin hesablamalarına görə, məhv edilən dozaların qiyməti minimum 4 milyard dollar təşkil edir.
Bildirilir ki, Aİ ölkələri pandemiya dövründə ümumilikdə 1,5 milyard doza koronavirus vaksini alıb. “Politico” jurnalistləri cari ilin iyunundan dekabrına qədər olan məlumatları təhlil edib. Məlumatların bir hissəsi açıq mənbələrdən əldə edilib, digər bir hissəsi isə konkret ölkələrdən öyrənilib. Bununla belə, cəmi 15 ölkə istifadə etmədikləri vaksin sayı barədə məlumatları təqdim etməyə razı olub.
Məlumatların təhlilindən sonra məlum olub ki, Aİ ölkələri arasında istifadə olunmayan vaksinin məhv edilməsinə görə ilk sırada Almaniya yer alıb. Belə ki, ölkədə 83 milyon doza koronavirus vaksini məhv edilib.
Məlumatı təqdim etməkdən imtina edən ölkələr arasında Fransa, Polşa, Latviya, Çexiya, Yunanıstan, Kipr və Macarıstan olub.