“Azad edilmiş ərazilərə köçürülən 1970 nəfərin müayinəsi təşkil edilib”

img

“Böyük Qayıdışa dair” I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə köçürülən 1 970 nəfərin müayinəsi təşkil edilib”.

Rezonans.az xəbər verir ki, bu barədə TƏBİB-in 5 illik fəaliyyətinə həsr olunan tədbirdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib.

Onun sözlərinə görə, Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə köçən və məskunlaşacaq əhalinin keyfiyyətli və əlçatan tibbi xidmətlərdən yararlanması TƏBİB tabeli tibb müəssisələri tərəfindən təmin edilir: “Böyük Qayıdış” layihəsi çərçivəsində TƏBİB tabeli müəssisələrdə 2022-ci ilin 9 ayında 290 nəfər, 2023-cü ilin 9 ayında 1970 nəfərin müayinəsi təşkil edilib”.

Vüqar Qurbanov tabeli tibb müəssisələrində Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, onların müraciətlərinin operativ qaydada cavablandırılması, şikayətlərinin araşdırılması kimi məsələlərin daim diqqətdə saxlanıldığını bildirib.

***

Vüqar Qurbanovun sözlərinə görə, TƏBİB-in tabeli tibb müəssisələrində maddi-texniki bazanın yenilənməsi prosesi davam etdirilir: “Keyfiyyətli və müasir tendensiyalarla ayaqlaşmaq üçün tibbi xidmətin əsasında maddi-texniki bazanın mövcudluğu çox önəmli faktordur. İnstrumental müayinələrin aparılması, mürəkkəb cərrahi prosedurların icrası üçün 2022-2023-cü illər ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinə 54 milyon manatdan çox məbləğdə avadanlıqlar alınıb”.

Hazırda TƏBİB-in tabeliyində ümumilikdə 3 046 tibb müəssisəsinin fəaliyyət göstərdiyini, onlardan da 2 834-nün ilkin səhiyyə xidməti, 202-nin ixtisaslı, 10-nun isə respublika təyinatlı tibb müəssisələri olduğunu qeyd edən V.Qurbanov tibb müəssisələrində laboratoriyaların yenilənməsi haqqında da məlumat verib: 

“Həyata keçirilən “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində TƏBİB-in tabeliyində fəaliyyət göstərən 78 tibb müəssisəsinin laboratoriyaları tamamilə yenilənib”.

Xəbəri paylaş: